“İndi bütün dünyada süni mayalanma, ekstrokorporal mayalanma geniş tətbiq olunur. Bu, hər bir insanı valideyn edə biləcək bir tibbi üsuldur. Əgər 15-20 il öncə biz bu haqda danışa bilmirdiksə, ölkəmizdə səhiyyənin inkişafı belə əməliyyatların həyata keçirilməsini məqsədə uyğun hesab edir”.
Bu fikirləri millət vəkili, ATU-nun Rektoru yanında İctimai Nəzarət Şurasının rəhbəri İlham Məmmədov “Sağlam olaq” internet TV proqramından çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu sahəni əhatə edən “Reproduktiv sağlamlıq haqqında” qanun layihə əhalinin sağlığına, sağlamlığının qorunmasına istiqamətlənmiş, hüquq müstəvisində tənzimlənməsini təmin edəcək. “Lakin qanunlar arasında bəlkə də ən çox ictimai müzakirələrə və dinləmələrə ən çox səbəb olan bu qanun oldu. Əsas mübahisəli məqamlardan biri isə donor bankının yaradılması məsələsi idi. Bizim mental xüsusiyyətlərimiz, milli dəyərlərimiz, dini inanclarımızla əlaqəli olaraq bu məsələ çox müzakirə edildi, müvafiq qurumlarla müzakirələr aparıldı. Ona görə qanun layihəsi yenidən daha mükəmməl formada işlənərək hazırlandı”.
İ.Məmmədov hesab edir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ümumilikdə genefondun, ailənin sağlamlıq təməlinə xidmət edən, özündə bir çox komponentləri birlikdə cəmləşdirən bir sənəd olacaq. Layihənin növbəti sessiyada müzakirəsi gözlənilir.
Qeyd edək ki, “Sağlam olaq” proqramı İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İB-nin icra etdiyi layihə çərçivəsində hazırlanıb. SƏS TV-də efirə gedən veriliş “Əhalinin sağlamlığının qorunmasına xidmət edən qanunların mediada təbliği” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra olunub.
“Sağlam olaq” proqramında əsasən səhiyyə sahəsində aid yeni qanun layihələri müzakirə olunub. Verilişlərdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında”, İcbari tibbi sığortanın tətbiqi, özəl klinikaların fəaliyyəti, təcili tibbi yardımın vəziyyəti və digər aktual məsələlər müzakirəyə çıxarılıb.