Tibb Universiteti IMFSA-nın toplantısında təmsil olunub

Avqustun 1-7-də Çinin Taypey şəhərində Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (International Federation of Medical Students’ Associations – IFMSA) 68-ci Ümumi Assambleyasının Avqust Görüşü baş tutub. 100-dən artıq ölkədən 1000-ə qədər tibb tələbələrinin iştirak etdiyi tədbirdə “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin nümayəndəsi Asiman Hadizadə Azərbaycanı təmsil edib.

 

Tədbir zamanı Azərbaycan Tibb Universitetinin dəstəyi ilə keçirilən mübadilə proqramlarının təqdimatı keçirilib, 20-yə yaxın ölkə ilə yeni müqavilələr imzalanıb. Həmçinin, Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunmuşdur. Tədbirdə qlobal səhiyyə, tibb təhsili mövzularında çoxsaylı müzakirələr aparılıb.

 

Görüş zamanı Asiman Hadizadə IFMSA-nın Avropa regionu üzrə direktorunun assistenti vəzifəsinə təyin olunub. O, regional sessiyaların işində yaxından iştirak etmişdir.

 

Qeyd edək ki, Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası (IFMSA) öz ətrafında 123 ölkədən 1.3 milyon tibb tələbəsini birləşdirir. Hər il iki dəfə - mart və avqust aylarında ümumi assambleyanın toplantısı keçirilir.

 

Azərbaycan “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin timsalında 2007-ci ildən etibarən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının üzvüdür. Bu təşkilat IFMSA-nın mübadilə proqramlarında aktiv iştirak edir və hər il 20-yə yaxın ölkə ilə ikitərəfli - bilateral tələbə mübadiləsi həyata keçirir.