Yeni dərslik ATU-nun kitabxanasına hədiyyə edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının əməkdaşları- professor Zakir Qarayev və dosent Ramin Bayramlının müəllifi olduqları dərslik ATU-nun əsaslı kitabxanasına hədiyyə edilib. “Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik Mikrobiologiya” adlı dərsliyin 500 nüsxəsi kitabxanaya təqdim olunub.

 

“Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik Mikrobiologiya” adlı dərslik bu ilin əvvəlində dərc olunub. Dərslikdə müxtəlif patogen mikroorqanizmlərin - bakteriya, virus, göbələk, ibtidai və helmintlərin xüsusiyyətləri, onların törətdiyi xəstəliklərin əsas klinik əlamətləri, müasir mikrobioloji, immunoloji, molekulyar-genetik diaqnostika prinsipləri, həmçinin klinik mikrobiologiya və sanitar mikrobiologiya sahələrinin mühüm müddəaları şərh edilib.Vəsait Azərbaycan Tibb Universitetinin tələbələri üçün müvafiq fənnin proqramına uyğun yazılıb.

 

Bundan sonra tələbələr istənilən vaxt dərsliyi kitabxanadan əldə edə bilərlər. Qeyd edək ki, dərslikdən rezidenturada təhsil alanlar və praktik həkimlər də istifadə edə bilərlər.