ATU-nun Tədris Cərrahiyyə Klinikasında hər növ plastik əməliyyat aparılır
Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə göz altında əmələ gələn torbanın dartılması, göz üstündə dəri sallanmasının aradan qaldırılması və göz yırtığının bərpası məqsədi ilə 54 yaşlı pasiyent müraciət edib. Adıçəkilən şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayevin rəhbərliyi ilə xanım pasiyentin gözündə estetik əməliyyat aparılıb.
Şöbə müdirinin bildirdiyinə gərə, uğurla başa çatan əməliyyatdan sonra xəstə özünü normal hiss edir və pasiyentin göz ətrafı quruluşuna estetik görünüş verilib: “Klinikada bu cür əməliyyatlar çox olur. Bu əməliyyatı indiyədək icra etdiyimiz onlarla uğurlu əməliyyatlardan biri hesab etmək olar. Şöbəmizdə kişilərdə ginenokamastiya, blefaroplastika, liposaksiya və s. əməliyyatlar icra olunur”.
M.Abdullayevin sözlərinə görə, qadınlar əsasən üz estetikasına diqqət verirlər. Xanımlarda ən çox aparılan əməliyyatlar sırasında bədən qurluşunun şəkilləndirilməsi, sifətin gəncləşdirilməsi, sallanmış göz qapağının və göz altında əmələ gələn torbaların aradan qaldırılması ilə bağlı olur: “Belə əməliyyatlarda biz dərialtı toxumaları çıxarır, dəriyə estetik görünüş veririk. Bəzən qadınlar dodaqlara gel və sintetik polimerlər vururlar və bu əməliyyatın nəticəsi uğursuz olur. Bu zaman biz dodaqları əvvəlki vəziyyətinə qaytarırıq”.
Həkim bildirir ki, gənc xanımlar əməliyyat yolu ilə süd vəzilərini böyütmə üsuluna da əl atırlar. Bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikadan və arıqladıqdan sonra qolların ətrafında əmələ gələn sallaqlığın aradan qaldırılması ilə bağlı müraciət edirlər.
M.Abdullayev şöbədə həmçinin şəlpəqulaqlığın da aradan qaldırıldığını, bədəndə olan və məsləhət görülən xalların estetik əməliyyat edildiyini, saçların əkilməsi imkanlarının olduğunu da bildirir.