Əczaçılıq fakültəsinin dekanlıq nümayəndələri I kurs tələbələri ilə görüşüb

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin dekanlıq nümayəndələri I kurs tələbə və valideynləri ilə görüşüb. Fakültənin dekanı, dosent Kamandar Yaqubov tələbə adını qazanan gəncləri və onların valideynlərini Universitet rəhbərliyi və dekanlıq adından təbrik edib: “Əziz tələbələr! Sizin tələbə adını qazanmağınız Universitetimizin 90 illik yubileyinə təsadüf edir (1930/2020)”.

 

Azərbaycan Tibb Universitetinin tələbəsi olmaq sevincini yaşamağın kifayət qədər qürurverici olduğunu söyləyən fakültə dekanı bildirib ki, İmtahan Mərkəzinin keçirdiyi imtahandan sonra ən yüksək bal toplayan abituriyentlər bizim universiteti seçir: “Prezident Təqaüdçülərindən 25-26 nəfərin universitetimizi seçməsi və həmin tələbələrlə bağlı statistik təhlil də göstərir ki, bizim universitetimiz ali məktəblər arasında birinciliyini qoruyub saxlayır. Belə bir universitetdə təhsil almaq sözün əsl mənasında fərəh hissi doğurur. Daha çox sevinən də təbii ki, valideynlərdir. Bəzi valideynlər tələbə valideyni olmaq xoşbəxtliyini ilk dəfə, bəziləri isə təkrar olaraq yaşayır. Ona görə gələcək təhsilinizlə və işinizlə də valideynlərinizə, ölkəmizə baş ucalığı gətirməyinizi arzulayıram.”

 

O, universitetdə təhsilin kredit sistemi ilə aparıldığını və bu sistemin tələblərini diqqətə çatdıraraq tələbə-müəllim münasibətlərinə də toxunub, tövsiyələrini verib.

 

Tələbələri Əczaçılıq fakültəsi barədə məlumatlandıran dekan K.Yaqubov yeni tələbə adını qazanmış gənclərə dərs keçəcəkləri korpusların yerini, ATU-dakı dərs, imtahan sistemini izah edib. Həmçinin, fakültədə, universitetdə aparılan islahatlardan, yeniliklərdən söhbət açıb.

 

Tələbələrin, valideynlərin suallarını da cavablandıran dekan ikinci ali təhsil, sərbəst işlərin qəbulu, imtahanın nəticələrinə təsir göstərən əsas amillər və kitabxana xidmətləri ilə bağlı məsələlərə də aydınlıq gətirib.

 

Görüşdə, hər tələbə üçün ayrıca konvert təqdim olunub və həmin konvertə tələbə bileti, müqavilənin bir nüsxəsi, dərs cədvəli, universitet himninin mətni qoyulub.

 

Qeyd edək ki, bu il ATU-nun əczaçılıq fakültəsinə 67 nəfər qəbul olub. Onlardan 57 nəfəri dövlət sifarişli, 10 nəfəri isə ödənişli əsaslarla ATU-ya qəbul olublar. Bu tələbələrdən 53 nəfər azərbaycan, 14 nəfəri isə rus bölməsində təhsil alacaqlar.