ATU TGT-nin təşkilatçılığı ilə I kurslar universitetlə tanış oldular

Sentyabrın 13-də Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Oriyentasiya Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin I kursuna qəbul olmuş tələbələr iştirak ediblər.

 

Tədbirdə iştirak tamamilə könüllü şəkildə baş tutub və tələbələr elektron şəkildə qeydiyyatdan keçərək iştirak etmə imkanı qazanıblar. 

 

Ümumilikdə “Oriyentasiya Günü” 350 nəfərdən çox tələbənin iştirakı ilə ba tutub. Günün təşkil olunması üçün təşkilat daxilində xüsusi təşkilat komitəsi formalaşdırılıb. Tədbirdə çıxış edən ATU TGT-nin sədri R.Vəliyev oriyentasiyanın mahiyyəti barədə tədbir iştirakçılarına açıqlama verərək bildirib ki, bir çox dünya ölkələrində tədrisdən öncəki həftələdə oriyentasiya günü keçirilir daha sonra iştirakçılara universitetin strukturu, rəhbər və məsul şəxslər, klinikalar, tələbə həyatı və s. ilə bağlı video-görüntülər vasitəsilə də məlumat verib. İmtahanın keçirilmə qaydaları və şərtləri barədə bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdıran R.Vəliyev ATU-da əsas meyar olaraq biliyə qiymət verildiyini, imtahanları yüksək səviyyədə vermək üçün tələbələrə əzbərçilikdən uzaq olmağı da tövsiyə edib.Daha sonra TGT sədri tədbirin təşkil olunmasında şərait yaratdıqlarına görə təşkilat adından universitet rektoru professor Gəray Gəraybəyliyə təşəkkürlərini bildiriblər.

 

Sonda tələbələrə TGT-nin əməkdaşları tərəfindən bütün tədris korpuslarıvə tədris klinikaları haqqında , kopuslarda tədris olunacaq fənnlər, elektron və adi kitabxana,oxu zalları və tələbə yeməkxanaları haqqında ətraflı məlumat verilib. 
Tədbir zamanı istedadlı tələbələrin rəqsləri və musiqi alətlərində ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Musiqiçi qonaq qismində Milli Konservatoriya Nəzdində Musiqi Kollecinin xor drijorluğu fakültəsinin 2-ci kurs tələbəsivə Azərbaycanın səsi televiziya mahnı müsabiqəsinin qalibi Aydan İlxaszadə çıxış edib və yeni qəbul olan tələbələrimizi təbrik edib.

 

Məlumat üçün bildirmək istəyirik ki,hazırda ATU TGT-nin 3000 nəfərdən çox üzvü mövcuddur və təşkilatın fakültə nümayəndələri,klub və departamentləri aktiv şəkildə fəaliyyət göstərirlər. Təşkilata üzv olmaq tamamilə ödənişsizdir və elektron formada aparılır.