Azərbaycan Tibb Universitetində keçirilən XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroentroloqlar konqresi çərçivəsində Plastik və Rekonstruktiv Cərrahiyyə sessiyası da baş tutub. Sentyabrın 12-də keçirilən sessiyada yerli və xarici mütəxəssislər iştirak ediblər. Tədbirdə səhiyyə sahəsi üzrə aktuallıq kəsb edən 25 mövzu barəsində çıxışlar olub və müzakirələr aparılıb.
Azərbaycan Plastik Cərrahlar İctimai Birliyinin sədri professor Vaqif Qələndərli açılış nitqində ATU-nun bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, dünyanın qabaqcıl mütəxəssislərinin nəzəri və praktik təcrübələrini bu cür tədbirlərdə paylaşması ölkəmizdə səhiyyənin inkişafının bariz nümunəsidir. Açılışdan sonra konfrans öz işini davam etdirib. Sessiya boyunca maraqlı mühazirələr səslənib, mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.