Malayziyada IX “Muslim World Biz 2019” sərgi və konfransı çərçivəsində II “Muslim World Rania Award” mükafatlandırma mərasimi keçirilib. Qürurla bəyan etmək istəyirik ki, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar həkim Lalə Allahverdiyeva da bu nüfuzlu mükafata layiq görülüb.
İslam Əməkdaşlıq Təşkilatı Beynəlxalq Biznes Mərkəzi tərəfindən təqdim olunan bu mükafat İslam ölkələrində xüsusilə biznes, ictimai-mədəni, elm-təhsil və digər sahələrin cəmiyyətə töhfələr verən və ictimai xidmətləri ilə seçilən qadınlara təqdim olunur. Fərqli nominasiyalar üzrə nəzərdə tutulan mükafat bu il yeddi ölkədən - Malayziya, Azərbaycan, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran və Hindistandan olan 12 xanıma verilib.
Azərbaycan üzrə “Muslim World Rania Award 2019” beynəlxalq mükafatı Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar həkim, Bakı şəhərinin baş allerqoloqu, Avropa Allerqoloq və Klinik İmmunoloqlar Akademiyasının üzvü, Avropa Respirator Cəmiyyətinin qızıl üzvü, Dünya Allerqoloqlar Təşkilatının üzvü, Kanada İmmunoloqlar Cəmiyyətinin üzvü, professor Lalə Allahverdiyevaya təqdim olunub.
Mükafatın təntənəli təqdimetmə mərasimində əvvəlcə professor Lalə Allahverdiyevanın elmi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva allerqologiya və immunologiya sahələri üzrə bir sıra nailiyyətlərə imza atıb. Onun elmi fəaliyyəti yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilib.
Sonra mükafatların təqdim olunması mərasimi keçirilib.
Təqdimat mərasimindən sonra professor Lalə Allahverdiyeva yerli media nümayəndələrinə müsahibə verib. Qadınların cəmiyyətdə rolu barədə danışan professor Lalə Allahverdiyeva, Şərqdə ilk dəfə qadına seçki hüququ verən ölkə olaraq Azərbaycanda bu gün qadınların bütün sahələrdə fəal təmsil olunduqlarını və uğur qazandıqlarını bildirib. Lalə Allahverdiyeva “Muslim World Rania Award 2019” mükafatı ilə təltif edilməsinə görə İƏT Beynəlxalq Biznes Mərkəzinə minnətdarlığını bildirib.
Tədbirdə əsas qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərinin şahzadəsi, “BPW-Emirates” biznes klubunun sədri xanım Şeyx Hind Bint Abdulaziz iştirak edib, mükafat sahiblərinə təbriklərini çatdırıb.