Fakültənin dekan müavini Kamran Babayev tələbələrə və tədbirə qatılan valideynlərə ATU-dakı tədris prosesi, imtahanlar, dərslərin aparılması, eləcə də nizam-intizam qaydaları haqqında ətraflı məlumat verib.
Mühazirələrdə tələbələrin aktivliyinin aşağı olmasının dərsin keyfiyyətinə mənfi təsir göstərdiyini vurğulayan dekan müavini bildirib ki, bu amil nəzərə alınıb və 2018-2019-cu tədris ilindən yeni qaydaların tətbiqinə başlanılıb. O, mühazirələrin 40 faizində iştirak etməyən tələbələrin sərbəst işləri və praktiki bacarıqları yerinə yetirmələrinə baxmayaraq imtahana buraxılmadıqlarını deyib. Həmçinin, I kurs tələbələrini fakültədə fəaliyyət göstərən kafedralar, ictimai təşkilatlarla da tanış edən K.Babayev səmimi bir kollektivə güvənərək seçdikləri ixtisası dərindən mənimsəmək üçün ciddi çalışan tələbələrin tibbi təhsildə də uğur qazanacaqlarına əminliyini söyləyib.
Sonra fakültənin dekani, dosent Səid Əhmədov çıxış edərək ATU-da, o cümlədən Stomatologiya fakültəsində şəffaflığın qorunduğunu xüsusi vurğulayıb. Tələbənin istənilən probleminin diqqətdə saxlanıldiğni bildirən dekan universitet rəhbərliyi və dekanlıq adından fakültətə təhsil almaq hüququ qazanan gəncləri, onların valideynlərini bir daha təbrik edib, uğurlar arzulayıb.