ATU-nun tibbi biologiya və genetika kafedrasının baş müəllimi Azərbaycan tibbində yeni sahə olan molekulyar sitogenetikanı araşdırıb

 

 

Beynəlxalq əlaqələri ildən-ilə genişlənən Azərbaycan Tibb Universitetinin əməkdaşları öz bilik və bacarıqlarını artırmaq, daha böyük təcrübə qazanmaq üçün şəxsi təşəbbüslə çıxış edir, yaxın və uzaq xaricdə yerləşən məşhur elmi-tədqiqat mərkəzlərinə üz tutaraq hələ ölkəmizdə kifayət qədər öyrənilməyən sahələrə xüsusi maraq göstərirlər.

 

ATU-nun Tibbi biologiya və genetika kafedrasının baş müəlimi, biologiya üzrə fəlsəfə doktoru Aytəkin Həsənova artıq 2015-ci ildən Azərbaycanda xromosom patologiyalarının prenatal genetik diaqnostikası sahəsində doktorluq dissertasiyası üzrə elmi araşdırmalar aparır. Bu sahə Azərbaycan tibbində yeni bir sahə olduğundan, əməkdaşımız Türkiyənin Samsun şəhərində yerləşən 19 Mayıs Universitetinin Tibb fakultəsində 1 aylıq staj keçmək, tibbi genetika üzrə öz bilik və bacarığını artırmaq üçün müraciət edib.

 

A.Həsənov deyir ki, 19 Mayıs Universitetinin Tibb fakultəsində başda fakültə dekanı Prof.Dr.Ayhan Dağdemir olmaqla, kollektiv tərəfindən tibbi genetika elminin müxtəlif sahələri ilə tanış olmaq üçün ona əlverişli şərait yaradıb. ATU təmsilçisi bir ay ərzində Tıbbi Genetik Anabilim Dalı Başkanı Dr.Öğr.Üyesi Ümmet Aburla birlikdə molekulyar və sitogenetik laboratoriyada genetik diaqnozun, müalicənin yeni və ən son üsullarının tətbiq edilməsi nəticəsində analizlərin aparılması ilə yaxından tanış olub. Klassik metodla Smarttype Karyotyper proqaramı vasitəsilə xromosomlarla bağlı (say və quruluşu) pozğunluğun səbəb olduğu xəstələrə və ailələrinə prenatal (doğum öncəsi) ve postnatal (doğum sonrası) diaqnoz qoymaq üçün periferik qan, amnion mayesi, abort materialı və dölün xorion hüceyrələri üzərində aparılan xromosom analizləri haqqında qazandığı biliklərin təcrübədə necə tətbiq olunduğunu əyani şəkildə izləyib. O, həmçinin Türkiyənin bu bölgəsində xromosom abberasiyalarının prenatal diaqnostikasının tədbiqi səviyyəsi ilə maraqlanmış, klassik sitogenetik metodun mərhələlərini izləmiş, tədqiqat materiallarının genetik müayinəsində iştirak etmiş, tədqiqat müddətində qəbul olunmuş materiallar əsasında xromosom xəstəliklərinin rastgəlmə tezliyi ilə maraqlanıb.

 

A.Həsənova Azərbaycan tibbində çox yeni olan molekulyar sitogenetik analizlərin FİSH/qF-PCR metodu ilə aparılmasını, bu metodlar vasitəsi ilə biomaterial olaraq periferik qan, dölyanı mayedə xromosomların say və struktur analizinın keçirilməsini öyrənib: “Daha çox prenatal diaqnostikada istifadə edilən bu metod zamanı molekulyar sitogenetik araşdırma üçün, xromosomlar müxtəlif fluoressensiya boyaları ilə işarələnərək analiz üçün hazırlanır. Bu üsula FISH (Fluorescence In Situ Hybridisation) adı verilir. Xromosomlar məqsəddən asılı olaraq fərqli hissələrindən işarələnib analiz edilə bilərlər. FISH üsulunun üstünlüyü xromosomlar əldə edilmədən birbaşa hüceyrə nüvəsinə tətbiq oluna bilməsidir. Prenatal diaqnostika və implantasiya qabağı genetik diaqnostika zamanı panellər halında tətbiq edildikdə bir cəhddə 5, iki cəhddə toplam 9 xromosoma qədər (13, 16, 18, 21, 22 və 15, 17, X, Y) araşdırıla bilir”.

 

Qeyd edək ki, uzun illər xromosom patologiyalarının tibbi genetik elmi araşdırması sahəsində əvəzolunmaz xidməti olan Tıbbi Bioloji Anabilim Dalı Başkanı Prof.Dr. Nurten Kara Aytəkin Həsənovanın apardığı elmi tədqiqat işi ilə yaxından tanış olaraq, onun beynəlxalq nüfuzlu jurnallarda çap olunmuş elmi işlərini bəyənib və ona bu sahədə elmi əməkdaşlıq təklif edib.

 

Beləliklə, artıq ATU təmsilçisi A.Həsənova 19 Mayıs Tibb fakultəsi Tıbbi Bioloji və Tıbbi Genetik anabilim dalı əməkdaşları ilə iş birliyinə başlayıb. A.Həsənovanın sözlərinə görə, bu əməkdaşlıq onun ixtisas biliklərini daha da dərinləşdirəcək, tibbi biologiya və genetika sahəsində yeni araşdırmalar aparılması və elmi tədqiqat işlərinin inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında bu sahənin tədrisi zamanı böyük faydası olacaq. Kursun sonunda təlimi uğurla başa vurduğuna görə A.Həsənovaya Universitetin dekanlığı tərəfindən sertifikat təqdim edilib.

 

Qeyd edək ki, A.Həsənova bundan əvvəl molekulyar genetika üzrə İzmir şəhərinin Ege və sitogenetika üzrə Manisa şəhərinin Celal Bayar Universitetlərində bir neçə aylıq təlimlərdə iştirak edib.