Sentyabrın 30-da Böyük Elmi Şuranın 2019/2020-ci tədris ilinin tədris ilinin ilk yığıncağını açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə şura üzvlərini təbrik etdi.
Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevi, nevrologiya kafedrasının müdri, professor Şərif Mahalovu və dermatovenerologiya kafedrasının müdri, professor Fərid Mahmudovu yubileyləri münasibətilə təbrik etdi. Bundan başqa rektor bildirdi ki, bu günlərdə Malaziyada fəaliyyət göstərən İslam Əməkdaşlığq Təşkilatının Beynəlxalq Biznes Mərkəzi tərəfindən təşkil olunmuş IX ”Müslüm Wold Biz 2019” sərgi və konfrans çərçivəsində II “Rania” mükafatlandırma mərasimi keçirilib. Mərasimdə müxtəlif nominasiyalar üzrə nəzərdə tutulan mükafatlar 7 ölkəni- Malaziya Azərbaycan, Qətər, Küveyit, Birləşmiş Ərəb Əmirlikləri, İran və Hindistanı təmsil edən 12 xanıma verilib. Mükafatlandırılanlar arasında ATU-nun allerqologiya və ümmunologiya kafedrasının müdri, professor Lala Allahverdiyeva da bu mükafata layiq görülüb. Alimin bu uğurunu universitetimizin uğuru kimi qiymətləndirən rektor həmin mükafatı Lala xanıma təqdim edərək onu çoxminli universitet ictimaiyyəti adından təbrik etdi.
Sonra genişləndirilmiş iclasın gündəliyini diqqətə çatdıran professor Gəray Gəraybəyli “Azərbaycan Tibb Universitetində 2018/2019-cu tədris ilinin yekunları və 2019/2020-ci tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevə verdi.
S.Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoylan ölkəmizin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycanın təkcə regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrildiyini, beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli şəkildə yaxşılaşdığını və “Doing Bizness-2019” hesabına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer aldığını diqqətə çatdırdı.
2018/2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olunduğunu vurğulayan S.Əliyev ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü söylədi: “2018/2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur.
Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.
Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərancamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019/2020-ci tədris ilində 45%-ə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50%-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66% artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42%-ni təşkil etmişdir. Ötən il bu göstərici 27% idi. Həmin tədbirlərin davamı kimi, 1 və II dərəcə əlilliyi habelə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə prezidenti sərancam imzalamışdır. Dövlət büdcəsinin təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqrami”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyati dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində işlərə başlanmışdır”.
S.Əliyev onu da qeyd etdi ki, ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaratmışdır. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər. 2019/2020-ci tədris ilində I kursa hərbi tibb fakultəsi istisna olmaqla, 666 tələbə qəbul olunduğunu nəzərə çatdıran prorektor dedi ki, Dövlət İmtahan Komissiyasının apardığı qəbul imtahanlarının nəticələrinə görə dövlət planı – 670 nəfər universitetə daxil olmaq üçün onlayn ərizə vermiş və yerlər tamamilə dolmuşdur. Lakin sənədlərin qəbulu zamanı 24 nəfər məlum olmayan səbəblərdən qeydiyyatdan keçməmişdir: “Universitetin I kursuna daxil olan tələbələrdən 548 dövlət hesabına, 84 ödənişli əsasla qəbul olunmuşdur. Artıq 10 ildir ki, ölkə prezidenti cənab İlham Əliyevin «Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Həmin Fərmana uyğun olaraq Tibb Universitetində dövlət hesabına hər bir təhsilalana düşən təhsil xərcinin miqdarı ixtisasına müvafiq olaraq 4000-4500 manat təyin edilmişdir. Keçən ildən ödənişli əsasla təhsilin qiyməti ixtisasından asılı olaraq 4500-4000 manat, magistraturada 4000 manat olmuşdur.
Universitetimizə bu il qəbul olunmuş tələbələr test imtahanlarında yüksək nəticələr göstərmişlər və 733 tələbənin 343 nəfəri 600-dən yuxarı bal toplayaraq universitetə daxil olmuşlar. Yeri gəlmişkən qeyd edim ki, onlar əlaçı tələbələr hesab olunurlar”.
Məruzəsində elmi-tədqiqat işlərinin nəticələrinə, universitetin tədris binalarında, klinikalarında, yataqxanalarında və həmçinin “Təbib” istirahət düşərgəsində müəyyən əsaslı və cari təmir işlərinin görülməsinə də yer ayıran prorektor keçən tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının nəticələri üzərində xüsusi dayandı: “2018/2019-cu ilin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 20 nəfər akademik məzuniyyətdə olmuşdur. Yaz semestri ərzində öz ərizələrinə görə 13 tələbə universitetdən xaric edilmişdir.Beləliklə, 6625 tələbə imtahanda iştirak etmişdir, 359 nəfər imtahanda iştirak etməmişlər. İmtahan verməli olanlardan 5730 nəfəri bütün imtahanlarda müvəffəq qiymətlər alaraq, sessiyanı başa vurmuşlar (91.4%, keçən il 86.9%) İmtahan sessiyasını «əla» qiymətlərlə başa vuranlar – 1104 nəfər (17,6%, keçən il 15.2%), «əla» və «yaxşı» qiymətlərlə – 2483 nəfər (39,6%, keçən il 34,4%), qarışıq qiymətlərlə – 2143 nəfər (34,2%, keçən il 38,3%) təşkil etmişlər. 536 nəfər (8.5%, keçən il 7,7%) «qeyri-kafi almışdır ki, bunlardan da 344 nəfərin yalnız bir fənndən, 115 nəfərin 2 fənndən, 78 nəfərin isə 3 və daha artıq fəndən akademik borcu qalmışdır.
Ümumiyyətlə, tibb universiteti üzrə kəmiyyət göstəricisi 91,4% (2017/2018-ci tədris ili - 91.7%), keyfiyyət göstəricisi 57,2% (2017/2018-ci tədris ili – 51.3%) olmuşdur ki, bu da göründüyü kimi kəmiyyət azalmış və keyfiyyət göstəricisi isə çoxalmışdır”.
S.Əliyev universitetimizə bu il qəbul olunmuş tələbələrin test imtahanlarında yüksək nəticələr göstərməsini xüsusi qabardaraq bildirdi ki, rəhbərlik universitetə yüksək balla daxil olan və Prezident təqaüdçüsü adına layiq görülən tələbələri daimi diqqətdə saxlamalıdır ki, bu kateqoriyadan olan tələbələrin böyük əksəriyyəti bu adı universitetdə təhsillərini bitirənədək saxlaya bilsinlər. O, hətta lazım olarsa, kafedralarda elmin müasir tələblərini nəzərə almaqla onlarla əlavə dərs aparmağın zəruriliyini elmi şura üzvlərinin nəzərinə çatdırdı.
Universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə xarici tələbələrlə iş üzrə dekanlığın əməkdaşları təhsil sahəsində dünyanın müxtəlif ölkələri və unversitetləri ilə əlaqələri genişləndirdiyini söyləyən məruzəçi bildirdi ki, xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ildən ilə artır. Artıq 18 ildir ki, universitetimizdə tədris ingilis dilində aparılır. Bu da xarici ölkə vətəndaşlarının universitetə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir.
S.Əliyev çıxışının sonunda bir sıra kafedra müdirləri və kafedraların ayrı-ayrı əməkdaşları tərəfindən tədrisin təşkili, dərs cədvəlinin optimal tərtib olunması, ayrı-ayrı fənlərə ayrılan dərs yüklərinin artırılması, fənnin semestr ərzində tədris ardıcıllığı və s. məsələlər üzrə universitet rəhbərliyinə müraciət olunduğunu söyləyərək həmin müraciətlərin diqqətlə öyrənildiyini və imkan daxilində tətbiqinin nəzərdə tutulduğunu söylədi.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri Vaqif Kərimov, Cavanşir İsayev və Səfixan Həsənov hesabatı müsbət qiymətləndirdilər. Eyni zamanda rəhbərlik etdikləri kafedralarda aparılan tədris prosesində mövcud olan problemlərdən də danışaraq öz təklif və rəylərini irəli sürdülər.
İclasda çıxış edən universitet üzrə Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev apellyasiya araşdırmalarının nəticələri haqqında şura üzvlərinə məlumat verərək narahatçılıq doğuran məqamlara aydınlıq gətirdi. O, ekspertlərin rəyinə istinad edərək əvvəlki illərlə müqayisədə bu il əsaslı şikayətlərin azaldığını bildirdi.
Çıxışlarda səslənən fikirləri yekunlaşdıran rektor Azərbaycan Tibb Universitetinin ölkə universitetləri arasında həmişə layiqli yer tutduğunu vurğulayaraq qeyd etdi ki, bizim əsas məqsədimiz və borcumuz bu reytinqi qoruyub saxlamaqdır.
Universitetdə aparılan islahatlardan və gələcək planlardan danışan professor G.Gəraybəyli qed etdi ki, keçən tədris ili ərzində təhsilimizə bu və ya digər dərəcədə təsir edə bilən tədbirlər görülüb: “Universitetə xarici tələbələrin qəbulu yeni qaydalarla Skyape vasitəsi ilə aparılması tətbiq edildi. Tədris prosesində kurasiya sistemi ləğv edilərək 30 dəqiqəlik akademik saatla əvəz olundu. Aralıq qiymətləndirmə sistemi tətbiq edilməyə başladı. Mühazirələrin 20 faizi və ümumi dərslərin 40 faizini buraxan tələbələrə smestr imtahanlarına buraxılmamağı qərara alınıb. Elektron universitetə keçidə başlanılıb. I kursdan etibarən bu proses artıq həyata keçirilir. Elektron jurnal tətbiq edilib. Türkiyənin Hacıtəpə, Ege və digər universitetlərinin tibb fakültələri ilə ikili diplom proqramına hazırlıq işlərinə başlanıb. Müəyyən səbəblərdən ilk dəfə bir saat dərs buraxan tələbələrin davamiyyətinə görə, balların çıxılmaması, eləcə də davamiyyətə görə balların proporsional qaydada sayılması və həmçinin xəstəliyə görə dərs buraxan tələbələrin davamiyyətindən balların çıxılmaması qərara alınıb. Kredit sayı az olan və iki semestr tədris olunan fənlərin birləşdirərək bir semestrdə tədris olunması, yeni tədris işçi planında məcburi olan fənlərin bir hissəsinin bu ardıcıllıqdan çıxarılması qərara alınıb. Elmi-pedaqoji personalın bal-reytinq çərçivəsində qiymətləndirilməsinə, eləcə də 5 illik seçki keçirilən bu dəyərləndirmənin nəticəsinə istinad edilməsinə başlanıb. ATU-nun klinikalarında yerləşən professor-müəllim heyətinin tədris və müalicə işləri üzrə təşkili və aparılma qaydaları, ATU-nun daxili intizam qaydaları təsdiq olunub. ATU-nun qonaq-professor adı təsis edilib və I şəxs o ada layiq görülüb. Tələbələrin ATU-nun klinikalarında ambulator müalicələrinin ödənişsiz aparılması barədə qərar qəbul edilib. III kurs tələbələrinə klinikalarda orta tibb işçisi qismində işləməsinə icazə verilib. Bu keçən tədris ili ərzində aparılan islahatlardır. Bu ildə islahatlar davam edəcək”.
Təhsilin keyfiyyətinin universitetimiz üçün də prioritet məsələ olduğunu vurğulayan G.Gəraybəyli qeyd etdi ki, bir çox kafedralar ölkədə və dünyada gedən proseslərə düzgün qiymət verərək bu islahatlara özləri də təşəbbüs göstərəməyə başlamışlar. Lakin bəzi kafedralar isə çalışır ki, bu prosesi bir qədər ləngitsinlər. “Bir neçə kafedralar – məsələn ictimai fənlər, farmakologiya, anatomiya, digər kafedraların üzvləri müraciət edərək aralıq sorğuların daha da geniş olmasını istəyirlər. Mən də bu fikirlə tam razıyam və gələcəkdə onu da vurğulayım ki, bu istiqamətdə işlər gedir. Əgər bu gün aralıq qiymətləndirməyə, aralıq sorğuya cəmi 20 bal verilirdisə, yaxın gələcəkdə bu balların artması və bütün sorğuların suaları test mərkəzində aparılması nəzərdə tutulur. Bu gün bütün dünyada və ali məktəblərdə olduğu kimi biz daha çox diqqətimizi nəzəri biliklərdən tələbələri praktik vərdşlərə yönləndirməliyik. Tələbələrimiz bu gün kifayət qədər nəzəri biliyə malikdirlər, lakin praktik biliyə malik deyillər. Ona görə də proqramlara yenidən baxılması tələb olunur. Dəfələrlə bu barədə xəbərdarlıq etməyimizə baxmayaraq kafedraların proqramları köhnədir. Elələri var ki, 20-30 ildir dəyişmir. Bu günkü proqramlarımız dünya standartlarına uyğun deyil. Altı il univesitetdə təhsil alan həkim rezidentura pilləsini bitirərək müəyyən sahələrdə tam sərbəst həkim ola bilər”.
Sözünə davam edən rektor I kursda tətbiq olunan yeni imtahan sisteminə diqqəti yönəldərək dedi ki, testlərin tələblərin əlində olmasının və tələbələrə sızan hazır cavabların qarşısı indən sonra alınacaq. Bu yeni sistem imkan verəcək ki, kafedralardan asılılıq müəyən qədər azalsın.
Professor G.Gəraybəyli universitetdə aparılan islahatların düzgün istiqamətdə aparıldığını önə çəkərək tədris proqramının yenilənməsi, kafedralarda gənc kadrların formalşdırılması məsələsinin də vacib olduğunu vurğuladı.
Yekun nitqində universitetin rəhbəri bu il ATU- nun qarşıdan gələn 90 illik yubiley tədbirlərinə artıq başlanıldığını bildirdi və digər məsələlərə dair fikirlərini də şura üzvləri ilə bölüşdü.
Böyük Elmi Şura İran İslam Respublikasının vətəndaşı, görkəmli şair Məhəmməd Hüseyn Şəhriyarın nəvəsinin universitetimizdə “Kardiocərrahiyyə” ixtisası üzrə ödənişsiz əsaslarla rezidentura təhsili almasıüçün etdiyi müraciəti, Əczaçılıq fakültəsində Buraxılış Dövlət Attestasiyası və bal- reytinq sistemində dəyişikliklər edilməsini təsdiq etdi. Bundan başqa elmlər doktoru və elmi məsləhətçinin şifrinin dəyişdirilməsini təsdiqləyən Böyük Elmi Şura ATU-nun doktoranturasında təhsil müddəti bitmiş, üzürsüz səbəbdən elmi işini başa çatdırmamış iddiaçıların müraciətini də təsdiq edərək müsabiqə məsələlərinin həlli ilə öz işini yekunlaşdırdı.