ABŞ Dövlət Departamentinin “Fullbright” proqramı çərçivəsində tanınmış mikrobioloq, Çikaqo Universitetinin professoru Nadeem Fazal Azərbaycan Tibb Universitetində (ATU) müxtəlif təlim və seminarlar keçirib.
İyulun 7-dən avqustun 15-dək davam edən təlimlər əsasən baza və kliniki fənlər olmaqla, 2 qrup şəklində keçirilib. ATU-nun professor-müəllim heyəti təlimlərdə həvəslə iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Həmçinin ABŞ-dan olan professorun, ATU-nun tədris şöbəsinin və dekanlıq nümayəndələrinin iştirakı ilə seminar da keçirilib. Seminarda dünyada tibb təhsilində müasir yanaşmalar təqdim edilib, aparılan islahatlar analiz edilib və görüləcək işlər müzakirə olunub. Əldə olunan nəticələrin gələcəkdə dekanlıqların işinin təkmilləşdirilməsi yönündə çox faydalı olacağı qənaətinə gəlinib.
Qeyd edək ki, ATU-nun rektoru professor Gəray Gəraybəyli Çikaqo Universitetinin professoru Nadeem Fazalı qəbul edib və mütəxəssisin Universitet daxilində gördüyü işləri yüksək dəyərləndirib. Rektor professor-müəllim heyəti üçün təşkil olunan maraqlı proqramlara görə alimə təşəkkür edib. O, Nadeem Fazalın apardığı “Müasir tibbi təhsil” mövzusunda mühazirələrin universitetin müəllimləri üçün xeyli faydalı olduğunu bildirib. Görüş zamanı G.Gəraybəyli qonağa ATU-da sonuncu görüşdən sonrakı müddətdə həyata keçirilən islahatlar, planlaşdırılan yeniliklər barədə də məlumat verib.
Professor Gəray Gəraybəyli əcnəbi mütəxəssisin Azərbaycan Tibb Universitetində təlim keçməsinə göstərdikləri köməyə görə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinə öz təşəkkürünü bildirib. Gələcəkdə də ABŞ-dan olan mütəxəssisləri ATU-da görməkdən məmnun olacaqlarını qeyd edib.