ATU-nun 36 tələbəsinin təhsil xərci Gənclər Fondu tərəfindən ödəniləcək

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, ölkəmizdə gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılıb. Bunlar arasında sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi xüsusi qeyd edilməlidir.

 

Bu yaxınlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu müsabiqə elan etmişdi. Artıq müsabiqənin qalibləri bəllidir. Sevindirici haldır ki, onlar arasında Azərbaycan Tibb Universitetinin də tələbələri var. Belə ki, ATU-nun 36 tələbəsinin təhsil xərci Gənclər Fondunun hesabına ödəniləcək.  

 

Oktyabrın 4-də Bakı Konqres Mərkəzində bu gənclərlə görüş keçirilib.Görüşdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Görüşə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru prof. Sabir Əliyev, ATU TGT-nin sədri Rauf Vəliyev və qalib gələn 36 ATU tələbəsi də qatılıb. Tədbirdə bu tələbələrin təhsil xərclərinin qarşılanması ilə bağlı müqavilələr imzalanıb. Tədbirdə bəzi qalib gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi  Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.

 

Təhsil xərcləri Gənclər  Fondu tərəfindən ödəniləcək tələbələr də bu addımın əhəmiyyətindən, xüsusilə də sosial həssas kateqoriyalardan olan gənclər üçün təhsilin əlçatanlığının artırılmasına töhfəsindən danışdılar. Eyni zamanda, təhsilin inkişafı və gənclərə göstərilən hərtərəfli dəstəyə görə cənab Prezidentə təşəkkürlərini bildirdilər.

 

Qeyd edək ki, müsabiqəyə ATU-dan 92 tələbə müraciət etmişdi. Müraciətlər araşdırdıldıqdan sonra 36 tələbənin təhsil xərclərinin qarşılanmasına dair qərar verilib.

 

Ümumilikdə, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 237 tələbənin, bu il keçirilən müsabiqə çərçivəsində isə 425 gəncin təhsil haqqı xərcləri dövlət tərəfindən qarşılanmasına qərar verilib.