Oktyabrın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində universitetdə təhsil alan xarici tələbələr üçün “Ortaq dəyərlərin təbliği baxımından Ortaq Türk dərsliyinin əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Konfransı ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov açaraq, bu kimi tədbirlərin keçirilməsinin türkdilli ölkələr, o cümlədən Türkiyə-Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı və möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra sözü Təhsil Nazirliyinin eksperti və dərsliklər həmmüəllifi, Hədəf Liseyinin müəllimi, “Tərəqqi” medalı laureatı Hafiz Cabbarova verib. Məruzəçi öz çıxışında keçirilən tədbirin və 2009-cu ilin oktyabrında türkdilli dövlətlərin başçılarının Naxçıvanda birgə keçirdikləri sammitin tarixi əhəmiyyətindən danışıb: “ Bu sammit miqyasına və sonrakı tarixi əhəmiyyətinə görə digərlərindən çox fərqlənirdi. İlk dəfə bu sammitdə Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması rəsmiləşdirildi. Yəqin bilirsiniz ki, cənab prezident İlham Əliyev bu sammitin 10 illiyinin qeyd edilməsi məqsədilə silsilə tədbirlərin təşkil edilməsi ilə bağlı sərəncam imzalayıb. Yubiley tədbiri təkcə Azərbaycanda deyil, Şuraya üzv olan digər türkdili dövlətlərdə geniş şəkildə qeyd edilir".
Türk birliyinin ideoloqlarından olan İsmayıl bəy Qaspıralının bir əsr bundan öncə türk xalqlarının birliyi naminə “Dildə, fikirdə və işdə birlik!” şüarının aktuallığına toxunan H.Cabbarov hazırda bu ideologiyanın reallaşması üçün lazımi işlərin görüldüyünü bildirib, ortaq türk tarixi ilə bağlı bir sıra nümunələr səsləndirib.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov da öz çıxışında Astanada fəaliyyət göstərən Beynəlxaıq Türk Akademiyasının fəaliyyətindən və adıçəkilən akademiyada ortaq türk tarixi, coğrafiyası, ədəbiyyatı dərsliklərinin hazırlanmasından söhbət açıb. O, həmçinin ortaq türk tarixinin XV əsrə qədər olan dövrü əhatə etdiyini bildirib. 2019/2020-ci ilin tədris ilində ortaq türk tarixinin 150 məktəbdə pilot dərslik kimi tədris olunduğunu diqqətə çatdırıb.
Növbəti həftə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının iştirakı ilə Bakıda zirvə toplantısının olacağaını bildirən T.Əhmədov lazımı işlərin daha da genişləndiriləcəyini qeyd edib.