Neonatal konfransın təlimləri başlayıb

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Bakı Neonatal Konfransının treyninq mərhələsinə start verilib.

 

Tədbirdə Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin yenidoğulanların reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov çıxış edərək bildirib ki, yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması baxımından təlimlərin təşkilinin böyük əhəmiyyəti var.
ABŞ-ın Vanderbilt Universitetinin neonatologiya şöbəsinin dosenti Dr. Skot Qutri çıxış edərək, ölkəmizin müxtəlif bölgələrindən konfransda iştirak edən həkimlərə neonatologiyada müasir yanaşma prinsiplərindən danışıb, təcrübi vərdişlər üzərində izahlar verib.

 

Təlimlər çərçivəcində İntubasiya/MİST və LMA ilə surfaktantın yeridilməsi, Mexaniki ventilyasiyanın aparılması, Lumbar Punksiya. Döş boşluğuna drenajın qoyulması, Perikardiosentez, Kardioversiya, Sümükdaxili çıxışın əldə edilməsi (İntraosseous access), elmi məqalələrin yazılması və digər məsələlərlə bağlı müzakirələr təşkil olunacaq. Treninq çərçivəsində klinik tədqiqatların təşkili ilə bağlı sessiyaların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bir sıra yerli və xarici neanotoloqların məruzələrinin səslənməsi də planlaşdırılır.

 

Qeyd edək ki, təlim 3 gün davam edəcək. Tədbirə 2-ci Beynəlxalq Neonatoloji Konqres və 3-cü Azərbaycan-Türkiyə Neonatoloji Təlim Kursunun iştirakçıları qatılıblar.