Atu əməkdaşının məruzəsi beynəlxalq konfransda maraq doğurub

Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi biologiya və genetika kafedrasının baş müəllimi b.ü.f.d. Aytəkin Həsənova Tbilisidə keçirilmiş "Laboratoriya təbabətinə innovativ yanaşmalar" adlı birinci Beynəlxalq konfransda iştirak edib.

 

Laboratoriya Təbabətinin İdarə Edilməsi və İnkişafı Birliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda müasir dövrdə diaqnostikanın vacib rolundan danışılıb. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar diaqnostikanın keyfiyyətinin, səviyyəsinin qaldırılması yolları, laborator və instrumental tədqiqatların aparılmasının vacibliyi, laborator xidmətinin inkişaf dərəcəsi və digər mövzularda  məruzələr səsləndiriblər, müzakirə aparıblar.

 

ATU-nun baş müəllimi A.Həsənova konfransda müasir innovativ laborator diaqnostik metodların tətbiqi ilə apardığı xromosom patologiyalarının prenatal diaqnostikası istiqamətində  elmi araşdırmasının nəticələri haqqında geniş məruzə ilə çıxış edib. Dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçıların qatıldığı tədbirdə ATU əməkdaşının çıxışı maraqla qarşılanıb. A.Həsənovanın məruzəsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin, bir sıra tanınmış elmi mərkəzlərdən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.