ATU nümayəndəsi Avrasiya Kardioloqlar Birliyinin diplomuna layiq görülüb

Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, t.e.n. Arzu Bəydəmirova Avrasiya Kardioloqlar Birliyinin Moskva şəhərində keçirilən konfransında iştirak edib.

 

16-17 oktyabrda baş tutan beynəlxalq tədbirdə A.Bəydəmirova “Aşağı fraksiyalı ürək çatışmazlığı olan yaşlı xəstələrdə sakubitril/valsartan preparatının (yuperio) sol mədəciyin arterial parametrlerinə təsirinin tədqiqi” mövzusunda tədqiqatların nəticələrini təqdim edib. Mövzu aktuallığına və işlənmə metoduna görə münsiflər heyəti tərəfindən fərqləndirilib və diploma layiq görülüb.

 

800-dən çox mütəxəssisin iştirak etdiyi tədbirin plenar iclası internet vasitəsilə canlı yayımlanıb. Toplantıda müxtəlif ürək xəstəliklərinin diaqnostikası və müalicəsi, xüsusilə ürək çatışmazlığının farmakoterapiyasında təsadüf edilən yeniliklərlə bağlı geniş müzakirələr təşkil olunub. Müxtəlif ölkələrdən olan kardioloqlar fərqli mövzularla əlaqədar fikir mübadiləsi aparıblar.