“Jest dili” təlimi tələbələrin marağına səbəb olub

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitet tələbələri üçün “Jest dili” praktik və nəzəri təlimi təşkil olunub.

 

THİK-nin sədri Elvin Kərimli çıxışı zamanı bildirib ki, tələbələrin asudə vaxtllarının səmərəli keçirməsi üçün tərəfimizdən bir sıra tədbirlər, təlimlər, seminarlar, müxtəlif yarışlar və s. keçirilir: “THİK-nin nəzdində bir sıra dərnəklər, klublar, departamentlər və.s fəaliyyət göstərir. Onlardan biri də “Jest dili” klubudur. Kluba rəhbərlik edən II Müalicə-profilaktika faültəsinin IV kurs tələbəsi Nərgiz Məmmədlinin təşəbbüsü və bizim dəstəyimizlə bugünkü tədbir baş tutub.

 

Bilirsiniz ki, cəmiyyətdə kifayət qədər nitqi və eşitmə qabiliyyəti qüsurlu olanlar da var. Onlar sağlıq problemi ilə bağlı həkimə müraciət edirlər. Gələcəyin həkimləri olan bugünkü tələbələr belə pasiyentlərlə qarşılaşanda onları yaxşı anlasınlar deyə, bu cür təlimlər təşkil edirik. Bu, bizim tələbələrlə 2-ci görüşümüzdür. Sözsüz, bu cür təlimlərin təşkili və keçirilməsinin olduqca rolu böyükdür. Çünki tələbələrə mütəxəssislər tərəfindən nitq və eşitmə qabiliyyəti qüsurlu olanlarla necə təmas qurmağın yolları jest dili vasitəsilə öyrədilir”.

 

Sonra “Deaf Community” MMC-nin təlimçi rəhbəri Nuranə Abıyeva jest dilinin mahiyyəti, xəstələrlə təmasın necə qurulması, qüsurlu uşaqların üzləşdiyi psixoloji problem zamanı valideynlər nə etməlidir və onlar stresdən necə çıxarılmalı və s. ilə bağlı ətraflı məlumat verib. N.Abıyeva həmçinin tələbələri maraqlandıran çoxsaylı suallara cavab verərək, təlimdə fəal iştirak edən tələbələrə sonda sertifikatlar təqdim edib.

 

Təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb.