2020-ci ildə keçiriləcək Avropa çempionatının A qrupunun 3 futbol oyunu və eləcə də 1/4 final oyununun iyun-iyul aylarında ölkəmizin paytaxtında – Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Avropa çempionatının 60-cı ildönümünün qeyd edilməsi üçün turnirin bütün Avropa qitəsini əhatə etməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Bu səbəbdən də 2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçirilməsi planlaşdırılıb.
Nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq ölkəmizdə fəaliiyət göstərən ali təhsil müəssisələrinin tələbələri könüllü qismində iştirak ediblər. Onların arasında Azərbaycan Tibb Universitetinin tələbələri də fəallardan olub.
2020-ci ildə keçiriləcək Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar olaraq təşkilatçıları “Komandanın bir hissəsi ol” şüarı ilə ATU-nun tələbələrinin görüşünə gəliblər. Tədbiri açan I Müalicə Profilaktika-fakültəsinin dekanı, dosent Elşad Novruzov Avropa çempionatının final yarışlarının paytaxtımızda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Yarışın daha mütəşəkkil keçirilməsi məqsədilə konüllülər proqramının tətbiq edildiyini və istəyi olan tələbələrin bu proqramda fəal iştirak etmək imkanlarının olduğunu bildirib.
Sonra ATV kanalının “İdman” verilişlərinin aparıcısı Sənan Şəfizadə bu yarışda ölkəmizin 21 ali məktəbində təhsil alan tələbələrin könüllülər qismində iştirak edəcəyini bildirib. 4 matçın Bakıya salınmasını ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb. O cümlədən iştirak edəcək könüllülərin üstünlüklərindən və əldə edəcək qazancdan söhbət açıb.
Çıxış edənlərdən “UEFA EVRO 2020”nin təşkilat üzrə meneceri Yusif Vəliyev və oyun keçiriləcək ölkələrin fəxri səfiri Taleh Yüzbəyov Avropa çempionunun yaranması, keçirilən yarışlar, oyunlarda fərqlənən oyunçular və s. ilə bağlı ətraflı məlumat verib. Futbol yarışının paytaxtımızda keçirilməsinin əhəmiyyətindən söhbət açaraq, tələbələri könüllü qismində fəal iştirak etməyə dəvət ediblər. Bu yarışda ölkəmizi 1800 könüllünün təmsil edəcəyini bildirərək, noyabrın 15-dək applicantportal.uefa.com saytı vasitəsi ilə qeydiyyatdan keçməyin mümkün olduğunu tələbələrin diqqətinə çatdırıblar.
Müsabiqədən sonra tələbələrə könüllü kimi yarışda iştirak edəcəyinə icazə veriləcəyini, sonda isə sertifikatların təqdim olunacağını, onlara bir sıra güzəştlərin tanınacağını qeyd ediblər. Tələbələrlə görüşdə “UEFA EVRO 2020”nin rəmzi olan Skilze də gəlib. Onun gəlişi tələbələrin sevincinə səbəb olub və sonda onlarla xatirə şəkili çəkdirib. Tələbələr də öz növbəsində bu yarşda könüllü kimi iştirak etmək üçün fikirlər səsləndiriblər.