Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşı, assistent Aygün Babayeva ABŞ Konqresi tərəfindən həyata keçirilən “Açıq Dünya” adlı ölkələrarası mübadilə proqramında iştirak edib. Proqram Azərbaycanda ali tibb bacısı sahəsinin inkişafı üçün nəzərdə tutulub.
A.Babayevanın sözlərinə görə, proqramın ilk hissəsi Vaşinqtonda reallaşıb. İştirakçılar əvvəlcə Konqres binasının kitabxanasında olublar. Onların “Açıq Dünya” Liderlik Mərkəzinin icracı direktoru Jeyn Sarqus, dövlət orqanları ilə qarşılıqlı əlaqə və səhiyyə siyasəti üzrə məsləhətçi Joy Johnson Vilson ilə görüşləri olub.
Proqramın növbəti hissəsi Grin Bey şəhərində davam edib. Burada iştirakçılar Viskonsin Universitetinin, Viskonsin Şimali-şərq Texniki Universitetinin, Bellin kollecinin, Bellin xəstəxanasının, Bellin Allouez Sağlamlıq Mərkəzinin ali tibb bacısının tədris proqramı ilə tanışlıq olub. Həmçinin, nəzəri və praktik dərslər keçirilib, dərslərin stimulyatorlar vasitəsilə aparılması təcrübədə öyrənilib.
Bundan əlavə, proqram iştirakçıları Unit Xospisində və Door Kaunti Tibb Mərkəzində palliativ köməyin və qayğının göstərilməsi üzrə təlimdə iştirak ediblər. Həmçinin, Müqəddəs Vinsent adına uşaq xəstəxanasının və Viskonsin tibb kollecinin işləri ilə tanışlıq baş tutub.
Proqram zamanı A.Babayeva ATU-nun fəaliyyəti, ali məktəbdə ali tibb bacısı proqramı üzrə aparılan işlər haqqında məlumat verib. ATU təmsilçisi proqram boyunca Azərbaycan haqqında müxtəlif formatlı təqdimatları təqdim edib.