Noyabrın 8-də Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin "KVN şən və hazırcavablar klubu" nun təşkilatçılığıyla “Pandemia KVN” komandasının əyləncəli-yumoristik tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə ATU-nun THİK-nin sədri Elvin Kərimli açaraq bildirib ki, tələbələrin asudə vaxtalarını səmərəli keçirmələri məqsədilə onun rəhbərlik etdiyi təşkilat vaxtaşırı tədbirlər keçirir. Bu günkü tədbir də növbətidir: “Tələbələrin ağır dərs yükündən bir neçə saatlığa azad olması, streslərini atması üçün bu cür əyləncəli-yumoristik tədbirin keçirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu gün tədbirdə iştirak edən universitetimizin və digər universitetlərin tələbələri lazımi şəkildə şənlənəcək, istirahət edə biləcəklər”.
Sonra ATU-nun THİK-nin sədr müavini Cavid Mustafazadə klubun təşkil olunması ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, klub 2017-ci ildə İctimai səhiyyə fakültəsinin tələbələri Pərviz və Bəhruz Həsənovlar tərəfindən təsis olunub. Klubda aktyorlar, senariçilər, səhnəarxası və hazırcavablar qrupunun fəaliyyət göstərdiyini və klubun hər il Azərbaycan Rəsmi KVN Liqasının keçirdiyi tədbirlərdə iştirak etdiyini qeyd edib.
İctimai Səhiyyə fakültəsinin VI kurs tələbəsi, universitetin “KVN şən və hazırcavablar klubun”un sədri, Pandemia KVN” komandasının kapitanı Zeynəb Bağırova isə öz çıxışında klubun 20 aktiv üzvü olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, klub yarandığı gündən indiyədək 3 dəfə universitetdaxili tədbir keçirib. Həmişə tələbələr tərəfindən maraqla qarşılanıb. Indi də hesab edir ki, elə olacaq. Tələbələr doğurdan da əyləncəli çıxışları, oynadıqları rollarla tədbir iştirakçılarının diqqətini çəkə bilib. Klub üzvləri dəfələrlə tamaşaçıların alqışlarını qazanıb.
Tədbirdə Azərbaycan Rəsmi KVN Liqasının direktoru Hüseyn Şahverdiyev də iştirak edib. Ürək sözlərini diqqətə çatdıran direktor klub üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.