Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru, psixiatr Ertuğrul Köroğlu ilə görüşüb.
Türkiyəli professor Ertuğrul Köroğlu ATU-ya gəldiyindən məmnun olduğunu deyib. O, təmsil etdiyi xəstəxana barədə məlumat verib. Ankarada yerləşən Boylam Psixiatrik Xəstəxanasında ruhsal xəstəliklərlə yanaşı, bir sıra alkoqol qəbulu ilə bağlı yaranmış xəstəliklər, eləcə də, narkoloji problemlər üzrə ixtisaslaşmış mütəxəssislərin çalışdığını bildirib: “Müəssisəmiz 51 yataqlı özəl xəstəxanadır. Türkiyənin ən böyük psixiatrik xəstəxanasıdır. Mən Azərbaycanla da sıx əməkdaşlıq edirəm. Ayda bir dəfə Xəzər Universitetinin magistrantları üçün dərslər keçirəm. Sizinlə də əlaqələrimizin sıx olmasını arzu edirəm. Həm təhsil olacağınız, həm də tibb müəssisələrinizlə qarşlıqlı iş birliklərimizin olmasını istərdim”.
ATU rektoru Gəray Gəraybəyli də rəhbərlik etdiyi təhsil ocağı barədə qonağı məlumatlandırıb. O ATU-nun nəzdində 4 klinikanın olduğunu qeyd edib. Rektor Azərbaycanda tibb, həmçinin psixiatriya sahəsində müntəzəm yeniliklərin həyata keçirildiyini vurğulayıb: “Mənim müəllimim Ağabəy Sultanov deyirdi ki, tibbdə sahələri dəyişmək olur. Məsələn, kardioloq cərrah olur, terapevt sahəsini dəyişərək, pulmanoloq olur və s. Amma psixiatriyaya təsadüfi adam düşə bilməz, düşərsə də bu işi yarımçıq tərk edər”.
G. Gəraybəyli rektorluqla yanaşı, həkim kimi də fəaliyyət göstərdiyini deyib. O, həftədə iki dəfə xəstəxanaya baş çəkdiyini və xəstələri müayinə etdiyini bildirib. Eləcə də, kafedrada mühazirələr oxuduğunu qeyd edib: “10 il respublikanın baş psixiatrı olaraq çalışmışam. İstər universitetdə, istərsə də digər yerlərdə psixiatriya sahəsinin inkişafı üçün əlimdən gələni edirəm. Bununla bağlı bir sıra təkliflər hazırlayıb Səhiyyə Nazirliyə də təqdim etmişəm. ATU-da gələn ildən magistraturada klinik psixologiya ixtisası açılacaq. Sizi bizim universitetdə də “Visiting Professor” kimi görməkdən məmnun olarıq”.
Görüşdə psixiatriya sahəsindəki yeniliklərdən, Azərbaycan Tibb Universiteti ilə Boylam Psixiatrik Xəstəxanası arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması məsələlərindən danışılıb.
Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.