Dekabrın 9-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlərlə görüş olub. Görüşdə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev universitetin Rezidentura şöbəsinə yeni müdir təyin olunan professor Nailə Sultanovanı tədbir iştirakçılarına təqdim edib.
Ölkəmizdə təhsilin inkişafının dövlət rəhbərinin diqqət mərkəzində olduğunu diqqətə çatdıran prorektor, bu sahəyə kifayət qədər maliyyə ayrıldığını qeyd edib: “Universitetimizdə olduqca istedadlı tələbələr təhsil alır. Hər il 600-dən şox bal toplayan abituriyent Tibb Universitetinə qəbul olur. Onlardan 25-26 nəfəri Prezident təqaüdçüsüdür. Bizim borcumuz onları yaxşı mütəxəssis kimi yetişdirmək, cəmiyyətə təhvil verməkdir. Amma çox təəssüflər olsun ki, biz qarşıya qoyulan məqsədə tam şəkildə nail ola bilməmişik”.
Professor S.Əliyev hazırda innovasiya əsri olduğunu və yalnız bundan kafedralarda işləyən müəllimlərin çox az qisminin istifadə etdiyini bildirib. Bunun da müəyyən problemlər yaratdığını və müəllimlərin müasir tələblərlə ayaqlaşa bilmədiyini deyib. Qeyd edib ki, bu günkü tədbirin əsas məqsədi həm də rezidentləri dinləmək, onların problemləri ilə yaxından tanış olmaq, üzləşdikləri problemləri uyğun şəkildə yoluna qoymaqdan ibarətdir. Prorektor rezidentləri və rəhbər kuratorları narahat edən bəzi problemlərə də toxunaraq, çıxışlar zamanı zəruri təklif və iradların səsləndiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxış edib. O, rezidentlərin bir hissəsinin lazımi səviyyədə nəzəri və praktik biliklər əldə edə bilmədiklərdən təəssüfləndiyini bildirib. Rezidentlərin aşağı nəticələr göstərmələrinin səbəbini rəhbər kuratorlarda məsuliyyət hissinin yetərli olmaması ilə izah edib və praktik hazırlığa xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər xəstə çatışmazlığı ucbatından rezidentlərin kifayət qədər təcrübi biliklər əldə edə bilməməsindən, eksperimental cərrahiyyənin zəif inkişafından, tələbəlik dövründə tədris olunmasına baxmayaraq təməl fənnlərə rezidentura müddətində də çox vaxt ayrılmasından söhbət açıblar. Gələcəkdə mövcud çatışmazlıqların aradan qaldırılacağına və müəyyən təkmilləşdirmə işlərinin aparılacağına ümid etdiklərinin bildiriblər.
Professor S.Əliyev səsləndirilən təkliflərə aydınlıq gətirərək, əsaslı təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb. Rezidentura şöbəsinin yeni müdiri, professor N.Sultanova rezidentlərlə ayrıca görüşərək onların hazırkı durumu barədə fikir mübadiləsi aparıb və görüləcək işlərdən danışıb.