Kardiologiyaya dair elmi konfrans keçirilmişdir
Martın 29-da ATU-nun Tədris Terapevtik Klinikasının akt zalında Azərbaycan Tibb Universiteti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə «İnfeksion endokarditlərdə profilaktika, diaqnostika və müalicəyə dair Avropa Kardiologiya Cəmiyyətinin rəhbər tövsiyələri» mövzusunda növbəti elmi konfrans keçirilmişdir.
Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev tədbiri açaraq əvvəlcə başda rektor, akademik Əhliman Əmiraslanov olmaqla universitet rəhbərliyinin salamlarını çatdırdı, konfransın işinə uğurlar arzuladı.
O, xeyli müddətdir ki, planlaşdırılan maraqlı bir tədbirin Novruz bayramından sonra 3-cü iş gününə düşməsini də xoş təsadüf hesab edərək bildirdi ki, Avropa Kardiologiya Cəmiyyətinin infeksion endokarditlərdə profilaktika, diaqnostika və müalicəyə dair rəhbər tövsiyələrini Azərbaycan Kardiologiya Cəmiyyəti, eləcə də kardiologiya ilə məşğul olan həkimlər həyata keçirməyə çalışırlar. Ürək xəstəliyindən əziyyət çəkən insanların müalicəsi, profilaktika, reabilitasiya işlərinə rəhbərlik etmək məsələləri bu tövsiyələrdə öz əksini tapır. Mütəxəssislərin bütün respublikada kardioloji xidmətin yüksəldilməsi üçün əllərindən gələni etdiklərini vurğulayan natiq Səhiyyə nazirliyinin müvafiq qurumlarının yaxından köməkliyi ilə yeni müəssisələrin açılması, ölkəyə müasir cihazların gətirilməsi, onların işə salınması, kadrların xaricdə hazırlanması və dönüşü, hərbi kadrlara xüsusi qayğı göstərilməsini bu istiqamətdə görülən mühüm işlər kimi dəyərləndirdi.
S.Musayev möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı və ayırdığı vəsait hesabına tikilib istifadəyə verilən Tədris-Terapevtik Klinikanın yuxarıda sadalanan işlərin mərkəzində dayana biləcəyini dedi: "Bu klinika təkcə professor-müəllim heyəti, tələbələrimiz üçün deyil, xalqımız, respublikamız üçün böyük töhfədir, qısa müddətdə həqiqətən də universitet klinikası olaraq özünü doğruldur. 2010-cu il oktyabrın 1-də ölkə başçısının iştirakı ilə açılışı olan klinikada 2011-ci ilin əvvəlindən xəstə qəbul etməyə başladıq. Birinci il təxminən 18500 nəfər müraciət etdisə, 2012-ci ildə təkcə poliklinika şöbəsinə 35000 nəfər müraciət etdi. İndi poliklinika şöbəsində hər gün 300-450 nəfəri qəbul etmək imkanımız var. 400 yataq yerimizin hamısı həmişə dolu olmasa da, müraciət edən xəstələrin sayı getdikcə artır. Biz çalışırıq ki, dünyanın müxtəlif elm mərkəzlərində, qabaqcıl tibb mərkəzlərində təcrübə keçmiş məzunlarımızı burada praktiki işlərə cəlb edək".
Azərbaycan Kardiologiya Cəmiyyətinin xətti, istiqaməti olan bir qurum olduğunu söyləyən S.Musayev burada tanınmış kardioloqların işlədiyindən söhbət açdı. Prezidentin birbaşa sərəncamı və ayırdığı vəsait hesabına ölkəmizə gələn 5 aparıcı mütəxəssisin içərisində məşhur kardioloq Dr. Konstantinos Kiriazisin olmasını, onun bu tədbirdə iştirakından məmnunluğunu da dilə gətirdi.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Dr. Firdovsi İbrahimli konfrans üçün yaradılan şəraitə görə Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov başda olmaqla professor-müəllim heyətinə təşəkkürünü bildirdi, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırdı.