
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasında rezidentlərin iştirakı ilə elmi-praktik konfrans təşkil olunub. Tədbirin əsas məqsədi rezidentlərin elmi fəaliyyətinin təşviqi, dermatologiya və venerologiya sahəsində son yeniliklərin müzakirəsi, həmçinin klinik təcrübənin paylaşılması olub.
Konfrans çərçivəsində rezidentlər aktual mövzular üzrə elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə müasir diaqnostika üsulları, innovativ müalicə yanaşmaları, son illərdə tətbiq olunan yeni texnologiyalar və klinik protokollar haqqında ətraflı məlumat verilib. Eyni zamanda maraqlı və mürəkkəb klinik halların təhlili aparılıb, onların diaqnostikası və müalicə taktikası müzakirə olunub.
Təqdim olunan mövzular iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzələrdən sonra geniş elmi müzakirələr aparılıb. Kliniki halların analizi və müasir müalicə strategiyalarının müzakirəsi tədbirin ən diqqətçəkən hissələrindən biri olub.
Konfransda Dermatovenerologiya kafedrasının professor-müəllim heyəti, rezidentlər və tələbələr iştirak ediblər.