
Buxara Dövlət Tibb İnstitutu, Respublika Ana və Uşaq Sağlamlığı üzrə İxtisaslaşdırılmış Elmi-Praktik Tibb Mərkəzi və Özbəkistan Mama və Ginekoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mamalıq, ginekologiya və perinatologiyada innovativ yanaşmalar və multidissiplinar inteqrasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirə Özbəkistan, Rusiya, Qazaxıstan, Azərbaycan və Türkiyədən aparıcı mütəxəssislər qatılıblar.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov konfrans çərçivəsində “Uşaqlarda inkişaf qüsurları və oma-büzdüm nahiyəsinin anomal törəmələrinin diaqnostikası və cərrahi müalicəsi” mövzusunda elmi məruzə ilə çıxış edib. O, həmçinin “Perinatal təbabət - rəylər və əks-fikirlər” adlı sessiyanın moderatoru və sədri qismində fəaliyyət göstərib. Peşəkar dialoq platformasına çevrilən konfransda mama-ginekoloqlar, pediatrlar, uşaq cərrahları, reanimatoloqlar və genetiklər təcrübə mübadiləsi apararaq müasir klinik həlləri müzakirə ediblər.
Tədbirin proqramında ana və uşaq sağlamlığı xidmətlərinin strateji inkişafı, mamalıq və perinatologiyanın aktual problemləri, pediatriya və reanimasiyanın müasir aspektləri, eləcə də gənc alimlərin elmi araşdırmaları yer alıb. Konfransda innovativ texnologiyaların tətbiqi, multidissiplinar yanaşmanın inkişafı, klinik protokolların təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu beynəlxalq əməkdaşlıq səhiyyə sisteminin davamlı inkişafına, müasir yanaşmaların tətbiqinə və qadınlarla uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə xidmət edir.