Dekabrın 17-də ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin “Səhiyyə Könüllüləri” layihəsinin xüsusi şöbəsinin rəhbəri Mariya Yakunçikova tələbələr qarşısında məruzə ilə çıxış edib.
Xanım M. Yakunçikova çıxışında Rusiya Federasiyasının ərazisində və eləcə də bir sıra xarici ölkələrdə “Səhiyyə Könüllüləri” çərçivəsində həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verib. O, baş verən qəzalar zamanı zərərçəkmişlərə ilk təcili yardımın göstərilməsi istiqamətində qarşıya çıxan müxtəlif formalı fiziki və psixioloji gərginliklərin aradan qaldırılması yolunda könüllülərin fəallığını xüsusi qeyd edib. Məruzəçi çıxışında inkişaf etmiş ölkələrdə “Səhiyyə Könüllüləri” üzrə yaradılan mərkəzlər tərəfindən hazırlanmış yol xəritəsi barədə də söhbət açıb. M. Yakunçikova yol xəritəsi əsasında tərtib olunmuş bu layihəyə uyğun aparılan bir çox xilasetmə əməliyyatlarında qazanılan uğurlardan da bəhs edib.
Bildirib ki, “Səhiyyə Könüllüləri” proqramı əsasında xarici ölkələrin müxtəlif ali məktəbləri ilə skayp vasitəsilə əlaqələr yaradılır, tələbələr arasında sistemli qayada iş aparılır, könüllülük prinsipinə cəlb edilənlərin vasitəsilə elmi, mədəni və kütləvi tədbirlər həyata keçirilir. Mərkəzin məqsəd və məramından da danışan layihə rəhbərinin sözlərinə görə bu layihə gənclərln gələcək dünyagörüşünün formalaşmasında və peşə fəaliyyətlərində böyük rol oynayacaq.
Diskussiya şəraitində keçən görüşdə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin Beynəlxalq layihələr üzrə kordinatoru Elizaveta Xunduma və eləcə də adı çəkilən kafedranın professor- müəllim heyəti iştirak edib.