Qonaqlar həmçinin universitetin nəzdində fəaliyyət göstərən klinkaların iş şəraiti ilə yaxından tanış olublar
Tehran Tibb Universitetinin bir qrup nümayəndə heyəti – adıçəkilən universitetin Qlobal strategiyalar və beynəlxalq işlər üzrə prorektoru, professor Ramin Kordi, Müalicə işləri üzrə prorektor, dosent Mehdi Rezaei, Rusiya və Qafqaz ölkələri üzrə məsul çəxs Əlirza Namazi, Ziaeian Xəstəxanasının direktoru Məhəmməd Affətpənah Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında olublar.
Qonaqları klinikanın direktoru, professor Surxay Hadıyev qəbul edib. Klinika barədə geniş məlumat verən professor S.Hadıyev hazırda 800-ə yaxın tələbənin, 300-dən çox rezidentin burada rahat şəkildə təcrübə keçdiyini bildirib. Sonra klinikadakı yeniliklərdən söhbət açıb və şöbələrdə istifadə olunan avadanlıqlar və s. barədə onlara ətraflı məlumat verib.
Tehran Tibb Universitetinin Qlobal strategiyalar və beynəlxalq işlər üzrə prorektoru, professor Ramin Kordi də öz növbəsində təmsil olunduğu unveristet barəsində geniş açıqlama ilə çıxış edib. Hər iki universitet arasında həkim, tələbə, rezident və o cümlədən təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunub.
Tərəflər bu istiqamətdə atılacaq hər hansı addımın təqdirəlayiq olduğunu qeyd ediblər.
Qonaqlara həmçinin klinikanın bir sıra şöbələrinin iş şəraiti və ümumi vəziyyətlə yaxından tanış olmaq üçün şərait yaradılıb.
Nümayəndə heyətini həmçinin universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qəbul edib. Universitet barədə qonaqlara geniş məlumat verən prorektor, ATU-da 1300-ə yaxın akademik personalın çalışdığını, onlardan 343-nün tibb elmləri doktoru, dosent və 140-a yaxınının isə professor olduğunu bildirib.
Dosent R.Bəylərov ən çox xarici tələbələrin təhsil aldığı universitetlər sırasında ATU-nun olduğunu vurğulayıb. İranlı tələbələrin əcnəbi tələbələr arasında üstünlük təşkil etdsiyini qeyd edib. Tələbələrin rahat şəkildə təcrübə keçmələri üçün universitetin nəzdində müasir avadanlıqlarla təchiz edilmiş klinikaların olduğunu bildirib: “Siz bu gün universitetimizin nəzdində fəaliyyət göstərən klinkalarda olmuş, tələbələrin təcrübə qazanmaları və xəstələrin müalicəsi üçün yaradılan yüksək şəraitlə tanış olmusunuz. Bizim ilk klinikalarımız ulu öndər Heydər Əliyevin təşəbüsü ilə inşa edilib və bu təşəbbüs sonra cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilibdir.”
Sonra tərəflər həkim, tələbə və təcrübə mübadiləsi və bir sıra məsələlərlə bağlı söhbət edib, gələcəkdə görüləcək işlərdən danışıblar. Qonaqlar həmçinin Tədris Terapevtik Klinkada da olduqlarını və hər iki klinikadakı vəziyyətdən və onlara göstərilən isti münasibətdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, görüşlərdə qonaqlara ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, müdir müavini Nigar Ələkbərova və mübadilə proqramları üzrə koordinator Aygün Babayeva müşaiyət edib.