ATU-nun Tədris Cərrahiyyə Kinikasında "Videotorakoskopiyanın yeri" mövzusunda seminar keçirilib

Dekabrın 21-də ATU-nun Tədris Cərrahiyyə Klinikasınında "Döş qəfəsi travmalarında müasir diaqnostika və müalicə üsulları (Videotorakoskopiyanın yeri)" mövzusunda seminar keçirilib.

 

Seminarı klinikanın direktoru, professor Surxay Hadıyev açaraq əvvəlcə rəhbərlik adından bütün iştirakçıları salamlayıb. O, klinikada müalicə işi ilə yanaşı, ənənəvi olaraq həm tədris, həm də elmi işlərin aparıldığını söyləyib: "Professor-müəllim heyəti, klinikanın həkimləri dövri olaraq belə tədbirləri təşkil edirlər. Bu, davamlı tibbi təhsilin tərkib hissəsi kimi qəbul olunmalıdır. Əlbəttə, müasir həkimin, cərrahın təkcə müalicə işi ilə məşğul olduğunu təsəvvür etmək mümkün deyil. Belə konfransların, konqreslərin təşkili dünyadakı ən son tibbi yeniliklərlə tanış olmaq, maraqlı məruzələr dinləyərək faydalı diskussiyalar aparmaq imkanı yaradır".

 

S.Hadıyev torakal cərrah kimi ağır əməliyyatlar aparmasına baxmayaraq, vaxt tapıb elmi işlərə də diqqət ayıran Dr. Arif Ağayevin bu təşəbbüsünü yüksək qiymətləndirib. Döş qəfəsi cərrahiyəsinin Azərbaycanda digər sahələrlə müqayisədə nisbətən az öyrənildiyini deyən klinikanın rəhbəri, proqrama məhz bu sahəyə aid məruzələrin salınmasının əhəmiyyətini xüsusi vurğulayıb.

 

Bundan sonra t.e.d., dosent Məlahət Sultanovanın "Döş qəfəsinin travmatik zədələnmələrinin radiodiqnostikası" mövzusunda məruzəsi dinlənilib. Müasir dövrdə radiologiyanın tibbin bütün sahələri üzrə aparıcı rol oynadığını, mütəxəssislərin köməkçisi olduğunu vurğulayan məruzəçi qeyd edib ki, ən yüngül patologiyalardan başlamış ən ağır patologiyalara qədər dəqiq müayinələr radiologiyasız ötüşmür. Döş qəfəsinin travmatik zədələnmələrinin 20-25 faizinin ölümlə nəticələndiyini söyləyən M.Sultanova daha çox bu xəstəliyin diaqnostikası üzərində dayanıb. Toraks travmalar, diaqnostikanın əsas prinsipləri, radioloji taktika, komanda işinin təşkili barədə ətraflı məlumat verib. Həmçinin, döş qəfəsinin travmatik zədələnmələrinin təsnifatını, travmaların optimal dəyərləndirilməsini diqqətə çatdırıb.

 

Dr.Arif Ağayev isə "Döş qəfəsi travmalarında müasir diaqnostika və müalicə üsulları (Videotorakoskopiyanın yeri)" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, seminarın təşkilində əsas məqsədimiz döş qəfəsi travmalarında yardım səviyyəsinin hansı vəziyyətdə olduğunu diqqətə çatdırmaqdır. Hansı diaqnostika üsullarından istifadə edilməsi, hansı prosedurların icra olunması, daha çox hansı ağırlaşmalara rast gəlinməsi və onların profilaktikasının öncədən planlaşdırılması məsələlərinə toxunan Dr. A.Ağayev toraks travmasının tarixindən və etiologiyasından da söhbət açıb.
Eyni zamanda cərrahi prosedurlarla bağlı video-görüntüləri nümayiş etdirib.

 

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının ll kurs rezidenti ( kurator assistent Nurlana Əliyeva) Zərqələm Əsgərovanın "Döş qəfəsi travmalarında reabilitasiya" mövzusunda məruzəsi də maraqla qarşılanıb. Həkim-rezident torakal zədələnmələr zamanı əmələ gələn patologiyaların aradan qaldırılması, ağ ciyərin yenidən bərpası və xəstənin həyatının bərpası üçün fizioterapiya və raabilitasiya aparılmasının vacibliyindən danışıb.

 

Seminarda slaydlarla müşaiyət olunan hər üç məruzəyə dair müzakirələr aparılıb və seminar iştirakçılarının sualları məruzəçilər tərəfindən cavablandırılıb.