Böyük Elmi Şuranın dekabrın 26-da keçirilən növbəti iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli öncə Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, professor Əlişir Musayevi yubiley yaşı münasibətilə təbrik edib. Bundan sonra iclasın gündəliyini diqqətə çatdıran rektor “Azərbaycan Tibb Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində universitet kollektivinin vəzifələri” barədə məruzə ilə çıxış etmək üçün sözü tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verib.
İnkişaf etmiş ölkələrin davamlı tərəqqiyə təhsil vasitəsi ilə nail olduqlarını söyləyən prorektor qeyd edib ki, dövlətin gücü onun təbii sərvətləri ilə deyil, insan kapitalı, elmi potensialı ilə müəyyən edilir. Elm, təhsil bu gün artıq milli təhlükəsizliyin əsas amilləridir.
Məruzəçi “təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi önəm verdiyi təhsil sistemində son illərdə qazanılan uğurlardan söhbət açıb: “Dünya İqtisadi Forumu tərəfindən açıqlanan “Qlobal Rəqabətlilik İndeksi-2019” hesabatında Azərbaycan ötən ilki göstərici ilə müqayisədə 11 pillə irəliləyib. Hazırda 141 ölkə arasında 58-ci yerdə qərarlaşan ölkəmiz 12 indikatordan 8-i üzrə MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Məsələn, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz 6 pillə irəliləyərək 48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləmişik və ölkəmiz 20-ci yerdədir”.
Bu istiqamətdə universitetimizdə də məqsədyönlü iş aparıldığını vurğulayan S.Əliyev mütəxəssis hazırlığının səviyyəsinə nəzarət və onun qiymətləndirilməsinin həm semestr, həm də imtahan sessiyası dövründə aparıldığını, ona görə də təkcə universitet rəhbərliyi tərəfindən deyil, ölkə ictimaiyyəti və mətbuatı tərəfindən də izlənilərək daim diqqət mərkəzində saxlanıldığını xatırladıb. Bildirib ki, istər universitet rəhbərliyi və tədris hissəsi, istərsə də dekanlıqlar öz gündəlik fəaliyyətində dərsburaxma ilə daimi barışmaz mövqedə dayanırlar. Belə ki, universitet üzrə cari tədris ilinin keçən 3 ayı ərzində xəstəliklə əlaqədar çox dərs buraxan 10 nəfər tələbəyə akademik məzuniyyət verilmişdir.
Kredit sistemi ilə aparılan təhsildə mövcud qaydalara toxunan prorektor tələbənin gündəlik cavabının 10 ballıq sistemlə qiymətləndirildiyini, bir sıra kafedraların gündəlik sorğularında 0-4 (I-III kursda tədris aparan kafedralar), digərlərində isə 8-10 balın (III-VI kursda tədris aparan kafedralar) üstünlük təşkil etdiyini, biliyin 10 ballı sistemlə düzgün qiymətləndirilməsində müəyyən çətinliklərin hələ də qaldığını diqqətə çatdırıb.
Məruzədə ali tibb təhsilinin əsas təhsili kimi rezidentura təhsilinin də mütəxəssis hazırlığında önəmli yer tutmasına geniş yer ayrılıb: “2019/2020-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən universitetə rezidentura üzrə I kursa 36 ixtisas üzrə 214 nəfər rezident, 21 nəfər isə xarici rezident qəbul olmuşdur. Hal-hazırda Azərbaycan Tibb Universiteti üzrə I-V kurslarda 36 ixtisas üzrə 668 rezident təhsil alır ki, onlardan 51 nəfəri xarici ölkə vətəndaşıdır.
Diplomdansonrakı rezidenturada mütəxəssis hazırlığı istər ölkə, istərsə də universitetimiz üçün yeni və çətin bir işdir. Lakin təhsilin bu pilləsində tədrisə 2-ci dərəcəli bir iş kimi baxmaq olmaz. Unutmayaq ki, rezidentura təhsilindən sonra məzunlarımız sərbəst həkim kimi fəaliyyət göstərəcəklər”.
S.Əliyev payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, universitetə bu il qəbul olunmuş və ali məktəb həyatında ilk dəfə olaraq imtahan verəcək I kurs tələbələri ilə professor-müəllim heyətinin münasibəti üzərində xüsusi dayanıb. Onlara diqqət və qayğının bir qədər də artırılmasını zəruri sayıb: “Çalışmalıyıq ki, Prezident təqaüdçülərimiz kompüterlə test imtahanlarına ən azı 41 balla getsinlər. Onu da qeyd etməliyəm ki, hər il universitetə 24-26 Prezident təqaüdçüsü daxil olsa da, onlar kredit sisteminin ağır şərtlərinə davam gətirmir və əlaçılıqdan düşürlər. O səbəbdəndir ki, hər il universitetimizə 24-25 Prezident təqaüdçüsü qəbul olunsa da, hazırda təhsil alan Prezident təqaüdçülərimizin ümumi sayı 45 nəfərdir, halbuki onlar 150 nəfər də ola bilərdilər. Təkcə Prezident təqaüdçülərinə deyil, sessiya dövründə müraciət edən bütün tələbələrə konsultativ yardım göstərilməlidir. Təhsilin kredit sistemi ilə təşkili qaydalarına görə hər bir tələbə sərbəst işlərinin ən azı 40%-ni qrup müəlliminin iştirakı ilə birgə yerinə yetirməlidir”.
Universitetdə təhsil alan xarici ölkə vətəndaşlarının statistikasını da açıqlayan prorektor ATU-da 31 ölkədən 1795 nəfər tələbənin təhsil aldığını, təhsil almaq üçün xarici ölkələrdən müraciət edən tələbələrin sayının ildən ilə artdığını, artıq 18 ildir ki, universitetimizdə tədrisin ingilis dilində də aparıldığını vurğulayıb.
Hesabat məruzəsində tədris-metodik işin vəziyyəti, tələbələrin fakültələr və ölkələr üzrə sayı, aralıq qiymətləndirmənin nəticələri, Apellyasiya Komissiyasının, operativ qərargahın fəaliyyəti və digər vacib məsələlər də öz əksini tapıb.
İmtahanların müvafiq təlimata və rektorun əmrinə uyğun olaraq mütəşəkkil, obyektiv və aşkarlıq şəraitində keçirilməsinin bu işin yerlərdə necə təşkil olunmasından asılı olduğunu diqqətə çatdıran S.Əliyev çıxışının sonunda professor-müəllim heyətinin payız semestrinin imtahan sessiyasını müvəffəqiyyətlə aparacağına əminliyini ifadə edib.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri Əlihüseyn Hidayətov, Eldar Qasımov, Fariz Camalov və Eldar Qarayev hesabatı qənaətbəxş qiymətləndirərək öz fikirlərini şura üzvləri ilə bölüşüblər. Universitetdə aparılan islahatların tədrisin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini söyləyən natiqlər tələbələrlə müəllimlər arasında yaranan anlaşılmazlıqların həllinə, bacarıqlar üzrə test suallarının hazırlanmasına, eyni fakültədə eyni fəndən əvvəl və sonra verilən imtahanların fərqli nəticələrinə dair təkliflərini də səsləndiriblər.
Müzakirələri yekunlaşdıran rektor burada səslənən təkliflərlə razılaşdığını bildirərək Sabir müəllimin Böyük Elmi Şurada sayca 70-ci məruzəsini yüksək qiymətləndirib. Həm hesabat məruzəsində, həm də çıxışlarda vacib məqamlara toxunululdüğunu vurğulayan universitet rəhbəri həmin məsələlərə öz münasibətini açıqlayaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün ayrı-ayrılıqda aparılan heç bir tədbirin faydalı olmayacağını, yalnız kompleks şəkildə həyata keçirilən tədbirlərin real nəticələr verə biləcəyini diqqətə çatdırıb.
Professor G.Gəraybəyli yuxarı kurslarda tələbələrin dərslərə maraq göstərməməsinin səbəblərinə, bu problemin həlli yollarına da aydınlıq gətirib. Rezidenturaya qəbulun yeni qaydalarının Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini şura üzvlərinin nəzərinə çatdıran rektor bu yeniliyi irəliyə atılan böyük addım kimi dəyərləndirib. Bildirib ki, yeni qayda tələbələrə III kursdan sonra nəzəri blokun imtahanını vermək imkanı yaradır: “Həm də nəzəri bloka aid imtahanlar ballarla yox, məqbul və qeyri məqbul formatda qiymətləndiriləcək. Əgər tələbə I, II, III kursların proqramlarında olan mövzuları yaxşı mənimsəyibsə, onun əlavə pul xərcləyib repititor yanına və ya kursa getməsinə ehtiyac qalmır. Yəni öz biliyinə əmin olan tələbə Dövlət İmtahan Mərkəzində imtahan verib məqbul qiymət alarsa, ona bu haqda verilən sənəd 5 il qüvvədə saxlanılır. Beləliklə, IV, V, VI kurslarda tələbə kliniki fənlərə daha çox məşğul olmaq imkanı qazanır. III kursdan sonra nəzəri fənlərdən imtahan verməyən tələbə həmin imtahanları IV və V kursda da verə bilir. Hətta hər bir tələbənin VI kursdan sonra həm nəzəri, həm də kliniki fənlərdən imtahana girmək səlahiyyətləri var”.
Tələbələrin biliyinin qiymətləndirilməsi istiqamətində çoxlu işlər aparıldığını xatırladan rektor aralıq qiymətləndirmə prosesini bir qədər təkmilləşdirməyə də zərurət yarandığını deyib. Eyni zamanda testlərin sayının azlığı, keyfiyyətinin aşağı olmasına da toxunan professor G.Gəraybəyli qeyd edib ki, gəlcəkdə aralıq qiymətləndirməyə görə verilən balın artırılması nəzərdə tutulur.
Professor G.Gəraybəyli hansısa kafedranın özü üçün qaydalar müəyyən etməsinə iradını bildirərək referatların yazılması və qəbul edilməsinin də özünü doğrultmadığını vurğulayıb. Həmçinin, bəzi kafedra müdirlərinin tədris prosesinə nəzarətinin çox zəif olması, universitetin daxili qaydalarına hər kəsin eyni qaydada əməl etməsi, bal-reytinq attestasiyası və imtahan nəzarətçilərinin necə seçilməsi barədə fikirlərini də şura üzvləri ilə bölüşüb.
Yekun nitqində tədris prosesinin məhsulu olan tələbənin yüksək səviyyəli mütəxəssis kimi yetişməsi üçün professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşdüyünü önə çəkən rektor, bu istiqamətdə islahatların davam edəcəyini diqqətə çatdırıb.
Sonda şura üzvlərinə İ.Seçenov adına I Moskva Tibb Universitetinin Bakı filialının sifarişi ilə Dövlət imtahan Mərkəzi tərəfindən əsasən rezidenturaya hazırlaşan məzunlar üçün bir neçə dərs vəsaitinin hazırlanması haqqında məlumat verilib. Statuslarının müəyyənləşdirilməsi məqsədilə elmi şuraya təqdim olunan həmin əlyazmalar dərs vəsaiti kimi təsdiqlənib. Böyük Elmi Şura digər əlyazmaların da düzəliş edildikdən sonra çapına razılıq verib və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.