Özbəkistanlı tibb mütəxəssislərinin ATU-dakı praktikası başa çatıb

Özbəkistandan olan tibb mütəxəssislərinin Azərbaycan Tibb Universitetində (ATU) praktikası başa çatıb. Daşkənd Tibb Akademiyasının Fərqanə filialının iki təmsilçisi ATU-nun gigiyena və qida gigiyenası kafedrasında “Qida gigiyenası və qidalanmanın aktual problemləri” mövzusu ilə bağlı praktika keçiblər.

 

Təcrübə proqramının başa çatması münasibətilə Daşkənd Tibb Akademiyasının direktor müavini, gigiyena kafedrasının müəllimi Şahnoza Normatova və Arofat Haşimova sertifikata layiq görülüblər. Ş.Normatova 50-dən çox elmi məqalə və tezislərin,  monoqrafiyanın, 8 elmi-metodiki işlərin müəllifidir. Daşkənd Tibb Akademiyasının epidemiologiya, immunologiya və klinik allergiya kafedrasının assitenti Arofat Haşimova isə “Bağırsaq infeksiyaları zamanı mikrobioloji mənzərənin dəyişməsi” mövzusunda araşdırma aparıb.

 

Sertifikatların təqdimat mərasimində ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov çıxş edərək,  ATU-nun digər ölkə universitetləri ilə əlaqələri və tələbə mübadiləsi proqramından danışıb: “ATU minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Bizim kafedralarda elmi işləri aparmaq üçün olduqca geniş şərait yaradılıb. Tam müxtəlif sahələrə aid elmi laboratoriyalar- kimyəvi, biokimyəvi, histoloji və s. laboratoriyalar mövcuddur”.

 

Daşkənd Tibb Akademiyasının təmsilçiləri yüksək səviyyəli praktikanın təşkili üçün ATU rəhbərliyinə təşəkkürlərini bildirdilər. Onlar kafedralarda təcrübə proqramının təşkili, ATU nümayəndələrindən gördükləri xoş münasibətdən razı qaldıqlarını açıqladılar.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, müdir müavini Nigar Ələkbərova, şöbənin koordinatoru Aygün Babayeva da iştirak edirdilər.