Tək mədəcik əməliyyatı keçirmiş 12 yaşlı uşaqda ikimədəcikli təmir icra olunub

Kavopulmonar anastomoz əməliyyatı, əsasən, təkmədəcikli təmir planlanan xəstələrdə ilk mərhələdə icra olunan bir əməliyyatdır. Tədris Cərrahiyyə Klinikasına qəbul edilən 2008-ci il təvəllüdlü Zəhra Qənbərlinin intrakardiak morfolojisi biventrikulyar təmirə uyğun olsa da, ilk əməliyyatda başqa bir mərkəzdə onun üzərində Glenn proseduru icra edilib. Bu barədə “Təbib” qəzetinə Uşaq ürək cərrahı Ramal Həsənov məlumat verib. Bildirib ki, xəstədə göyərmə, cüzi hərəkət zamanı təngənəfəslik və yorğunluq müşahidə olunub. İkiyönlü Glenn əməliyyatı olunmuş 12 yaşlı xəstə exokardioqrafiya müayinəsi olunan zaman ona d TGA ,VSD, PS diaqnozu qoyulub və bu zaman xəstənin ikimədəcikli təmir şansının olduğu qənaətinə gəlinib.

 

Cərrah R.Həsənovun bildirdiyinə görə, xəstədə Glenn “takedown” (GTD) + Rastelli əməliyyatı icra olunub. Superior Vena Cava Warden proseduruna uyğun olaraq sağ atriuma təkrar anastomoz edilib. Sinus ritmi qorunub.

 

Qeyd edək ki, əməliyyat 14 saat çəkib, əməliyyat sonrası xəstənin döş sümüyü açıq buraxılaraq reanimasiyaya götürülüb. Əməliyyatın 4-cü günü xəstənin sternumu qapadılaraq ekstubasiya olunub. 20 gündən sonra isə xəstə normal klinik və hemodinamik göstəricilərlə evə yazılıb. Hazırda xəstə özünü normal hiss edir və həkim nəzarətindədir.