"Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın". Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib. Nazir xüsusi həkim briqadalarının da yaradıldığını bildirib: "Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".
Nazir qeyd edib ki, hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır: "Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı".
O. Şirəliyev bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir. Nazirin sözlərinə görə, başqa xəstəliklər ləğv edilməyib: "İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər".
Səhiyyə naziri həmçinin bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşılıb. Nazir bildirib ki, qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq.
O.Şirəliyev laboratoriyaların tam gücü ilə işlədiyini də bildirib: “Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda, maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsası odur ki, insanlar öz ətrafını qorumalıdırlar. Ümumilikdə, xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir, hər kəsdə güclü iradə olmalıdır".