Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf mərhələləri” adlı I Beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti (ATU) ilə birgə 30 və 31 may tarixlərində “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf mərhələləri” mövzusunda I Beynəlxalq elmi-praktik onlayn konfrans keçirib. Videokonfransın məqsədi insanın genetik materialının strukturu və funksiyalarını, müxtəlif xəstəliklərin etiologiya və patogenezində irsi faktorların rolunu, irsiyyətin və irsi dəyişkənliyin molekulyar əsaslarını, irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsi mexanizmləri haqqında məlumat və bilikləri ümumiləşdirməkdən ibarət olub.
Tədbirin açılış mərasimində Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qeyd edib ki, onlayn görüşün məhz ATU-nun “Tibbi biologiya və genetika” kafedrasının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki məhz bu kafedranın müdiri professor D.V.Hacıyevin beynəlxalq aləmdə İnsan genetikası sahəsəsində ilk addımları müasir genetikaya verilən başlanğıc olub. Prorektor bildirib ki, universitetdə elmin bir çox sahələri, aktual problemləri özündə cəmləşdirən fərqli konfranslar keçirilir. Rauf Bəylərov ölkədə və dünyada hökm sürən pandemiya ilə əlaqədar konfransın bu dəfə video formatında keçirilməsinə baxmayaraq, iştirakçıların mühüm nəticələri əldə edəcəyinə əmin olduğunu vurğulayıb. Həmçinin, konfransın açılışında AMEA-nın vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru professor Zeynal Əkpərov da çıxış edib, ATU-nun “Tibbi biologiya və genetika” kafedrasının tarixi haqqında qısa məlumat təqdim olunub, universitetin fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.
İnsan genetikasına həsr olunmuş bu beynəlxalq onlayn tədbirdə yerli qurumlarla yanaşı, Böyük Britaniya, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 13 xarici təşkilatın təmsilçiləri, elmi tədqiqatçılar iştirak edib, ümumilikdə 34 yerli və xarici alim-mütəxəssisin məruzələri dinlənilib. Genetik diaqnostik metodların inkişafı, klinik və elmi tədqiqatlarda istifadəsi, genetik analizlərin diaqnostikada əhəmiyyəti, nadir genetik xəstəliklər və onların tədqiqi haqqında mövzuların aktuallığı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Müzakirələr zamanı tibbi genetikanın ən aktual problemlərinin diaqnostikasından danışılıb, mövcud mübahisəli məqamlar müzakirə olunub. Eyni zamanda, konfransda insan genetikasının ümumi məsələləri, insanın genomu barədə ən yeni elmi-praktik fikirlər, insanın genləri və mühit amillərinin qarşılıqlı təsiri nəticəsində xəstəlik əlamətlərinin təzahür xüsusiyyətləri ətraflı şərh edilərək, fikir mübadiləsi aparılıb. Konfrans zamanı “Genetik diaqnostik metodların inkişafı, klinik və elmi tədqiqatlarda istifadəsi”, “Genetik analizlərin diaqnostikada əhəmiyyəti”, “Nadir genetik xəstəliklər və onların tədqiqi”, “Kolorektal xərçəngdə maye biopsiyalar: sirkulə edən şiş hüceyrələri və sirkulə edən DNT”, “ Məhkəmə Elmində İnsan Genetikası”, “Mamalıq və ginekoloji praktikada genetik müayinələrin əhəmiyyəti”, “Ekstrakorporal mayalanmada preimplantasiya genetik diaqnostikanın rolu”, “ İrsi əzələ distrofiyası olan xəstələrdə gen mutasiyalarının molekulyar-genetik tədqiqi”, “Ürəyin aterosklerotik xəstəliyinin genetik meyarları, diaqnostika və müalicə üsulları” və digər mövzularda mühazirələr səslənib. Maraqlıdır ki, tədbirdə Azərbaycanın gələcək tibb potensialını gücləndirəcək tibbi təhsil alan tələbələr və həkim-rezidentlər də iştirak ediblər.
Onu da qeyd etmək lazımdır ki, konfransın materialları Gülüstan - Qara Dəniz Elmi Akademik Tədqiqatlar Beynəlxalq Jurnalının (GBSSJAR) konfrans xəbərləri toplusunda və eyni zamanda Azərbaycan Tibb jurnalında dərc olunmaq üçün toplanılıb. IRETS London və Estoniya Beynəlxalq Tədqiqat, Təhsil və Tədris Mərkəzinin təsis etdiyi bu beynəlxalq jurnalın redaksiya heyətinin üzvləri konfransın çıxışçı və iştirakçıları olub. “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf mərhələləri” adlı I Beynəlxalq elmi-praktik onlayn konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 14 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib. Videokonfransın sonunda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.