İyunun 19-da “Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı” nın (BRIMEA) Ali Şurasının sayca 3-cü illik yekun yığıncağı keçirilib. Onlayn formatda keçirilən görüşə BRIMEA-ya üzv qurumların rəhbərləri və təmsilçiləri qatılıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də sözügedən yığıncaqda iştirak edib.
Görüşdə BRIMEA-nın sədri, Çin Tibb Universitetinin prezidenti, professor Deliang Wen çıxış edərək yığıncağın gündəliyi, təşkilatın gördüyü işlər və gələcək planları haqqında məlumat verib. Gündəliyə 7 yeni universitetin quruma üzv qəbul edilməsi məsələsi də daxil edilmişdir. Səsvermənin nəticələrində əsasən, 7 yeni ali təhsil müəssisəsi BRIMEA-ya üzv qəbul ediliblər.
Tədbir COVİD-19 virusunun dünyada yayıldığı bir dövrdə təşkil olunduğundan, görüş müasir dövrün çağırışlarına uyğun olaraq “Tibb təhsili icmasını birgə yaradaq və insan sağlamlığı kimi ali məqsədə nail olaq” şüarı altında keçirilib. Görüş zamanı iştirakçı qurumların rəhbərlərinin pandemiya ilə mübarizəyə dair fikirlərini ehtiva edən video müraciətlər də nümayiş etdirilib.
Yığıncaq daha sonra öz işini Çin Tibb Universiteti təşkilatçılığı ilə keçirilən Ali Tibb Təhsili üzrə 4-cü Beynəlxalq Forum ilə davam etdirmişdir. Forumda təşkilatın gələcək fəaliyyətini və inkişafını təmin etmək üçün müzakirələr aparılıb. Onlayn forumda ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Orxan İsayev, tədris şöbəsinin müdiri dos. Samir Cavadov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsi şöbəsinin müdiri dos. Nigar Sədiyeva və beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. Müşfiq Orucov iştirak ediblər.
Azərbaycan Tibb Universiteti 2019-cu ildən etibarən BRIMEA-nın üzvüdür. Çin hökumətinin “Bir kəmər və Bir yol” beynəlxalq layihəsindən ruhlanaraq yaradılan bu təşkilat öz ətrafında həmin təşəbbüsdə yer alan ölkələrin tibb təhsili verən ali məktəb və universitetlərini birləşdirir. Alyans ali tibb təhsili üzrə akademik təşkilatdır. Qurumun əsas məqsədi qlobal tibbi resursların mübadiləsi, tibb təhsilinin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yardım etməkdir.