İyulun 3-də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Klinik, regenerator, translyasion təbabət üzrə elmi şurasının onlayn iclası keçirilib.
Şuranın elmi katibi, Azərbaycan Tibb Universitetinin (ATU) II Cərrahi xəstəliklər kafedrasının dosenti, t.e.d. Rasim Cəfərlinin moderatorluğu ilə keçirilən tədbirdə ATU-nun fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə olunub.
Onlayn iclasda bildirilib ki, doktorant və dissertantlar müasir tibb elminin prioritet istiqamətləri, annotasiyaların yazılma qaydalarını əks etdirən nümunələr, eləcə də aktual mövzulara dair müvafiq məlumatlarla (metodik vəsaitlər) AMEA-nın veb-saytında yer alan linklər vasitəsilə tanış ola bilərlər.
Diqqətə çatdırılıb ki, dissertasiya mövzuların seçilməsi və şuraya təqdim ediləcək annotasiyaların tərtibatı zamanı veb-saytda göstərilən məlumatlar nəzərə alınmalıdır. Həmçinin tələb olunan sənədlərin siyahısı və formaları veb-sayt vasitəsilə onlayn qaydada əldə edilə bilər.
Müzakirələrdə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, universitetin prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov, ATU-nun Doktorantura şöbəsinin müdiri, professor Rizvan Məmmədov və tibb elmlər doktoru, dosent Rasim Cəfərli iştirak edərək dissertasiya mövzularının seçilməsində rast gəlinən problemlərdən danışıb, bu istiqamətdə müvafiq tövsiyələrini veriblər.