COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. ATU-nun 2 klinikası da ilk gündən bu mübarizəyə qoşulub. Bu müddət ərzində ATU-nun Tədris Cərrahiyyə klinikasının və Tədris Terapevtik Klinikasının tibb personalı arasında da COVID-19-a yoluxanlar olub.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub: “Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.
G.Aslanova, həmçinin qeyd edib ki, ATU-nin Tədris Terapevtik Klinikasında isə 24 nəfərdə koronavirus aşkar edilib. Onların arasında həkim, tibb bacısı və sanitarlar da var. Virusa yoluxmuş tibb işçilərindən bəziləri sağalaraq işə qayıdıblar.