Azərbaycanlı və türk radioloqlar müzakirə açdılar
İyulun 16-17-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və “Uptodate in Medicine” qurumunun birgə təşkilatçılığı ilə Neyroradiologiyanın aktual problemlərinə həsr olunmuş e-təlim keçirilib. Onlayn toplantının açılışında çıxış edən ATU-nun prorektoru Rauf Bəylərov qeyd edib ki, azərbaycanlı və türkiyəli mütəxəssislərin iştirak etdiyi iki günlük təlim radioloqlar və nevroloqlarla yanaşı, neyrocərrahlar və onkoloqlar üçün də elmi-praktiki baxımdan çox faydalı olacaq.
Tədbirin açılışında torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin və COVID-19 pandemiyası ilə mübarizədə həyatlarını itirmiş həkimlərimizin xatirəsi anılıb. Tədbirin bir sessiyası məhz müasir dövrün ən aktual problemi olan koronavirusa həsr olunub. “COVID-19 pnevmoniyası-radioloji yanaşma” mövzusunda Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri Sultanova Məlahət Sultanova, ”COVID-19 –Serebral zədələnmələrin radiodiaqnostikası” mövzusunda isə Mərkəzi Neftçilər xəstəxanasının həkimi t.ü.f.d. Həsən İsayev çıxış edib.
Təlimdə həmçinin serebral travmalar, serebrospinal vaskulyar malformasiyalar, neoplastik prosesler, epilepsiya və insultun müasir radiologiyası və invaziv radiologiyasına dair məruzələr səsləndirilib. İki gün ərzində ümumilikdə 9 məruzə dinlənilib. Tədbirdə Türkiyə Cümhuriyyətindən radioloqlar öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.