ATU-nun əczaçılq fakültəsinin məzunu Fransanın nüfuzlu Eks-Marsel Universitetində müəllim-tədqiqatçı kimi işə qəbul edilib
Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin məzunu, əczaçılıq üzrə fəlsəfə doktoru Elnur Qarayev Fransanın nüfuzlu Eks-Marsel Universitetininin “Farmakoqnoziya və etnofarmakologiya” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
 
Qeyd etmək lazımdır ki, 80 min tələbənin təhsil aldığı bu universitet beynəlxalq reytinqinə görə dünyanın 5% ən yaxşı ali məktəblərinin sırasına daxildir. E.Qarayev ATU-nun əczaçılıq fakültəsininin bakalavr (2011) və magistr (2013) pillələrini bitirib və ikinci magistr təhsilini Fransada davam edib. 2017-ci ilin dekabrında “İnula montana (Dağ andızı) bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi“ adlı dissertasiya işini müdafiə edərək Fransa Eks-Marsel Universiteti tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. E.Qarayev bu il Eks-Marsel Universiteti tərəfindən elan olunmuş müəllim vakansiyası üzrə işə qəbul müsabiqəsində iştirak edərək iddiaçılar arasında birinci yer tutub və “Farmakoqnoziya və etnofarmakologiya” kafedrasına müəllim-tədqiqatçı vəzifəsinə qəbul edilib.
 
E.Qarayev (h-index 4) bəzi məqalələri nüfuzlu “Elsevier” (Hollandiya) mətbu orqanınına daxil “Fitoterapiya” və “Flora” kimi yüksək impakt faktorlu elmi jurnallarda çap olunmaqla 30-a qədər elmi işin müəllifidir.