Azərbaycan Tibb Universitetinin (ATU) Hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu davam edir. Avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır.
Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən aparılır. Bu məqsədlə, lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir. Artıq növbəti mərhələdə namizədlərlə video müsahibə aparılır.
Əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən olan əcnəbi vətəndaşlar ATU-da təhsil almaq üçün həvəs göstərirlər. Statistikaya nəzər yetirsək, bu günə qədər 1000-ə yaxın müraicət elektron qaydada portala daxil olunub.
Qəbul prosesinin şəffaf aparılması məqsədilə, ATU-nun Rektorunun əmri ilə xüsusi komissiya yaradılıb. Komissiyasının tərkibinə ümumi işlər üzrə prorektor Tahir Vəliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov, dekan müavini Nəzrin Musabəyova və fənn müəllimləri daxildir.