Ali məktəblərin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin nümayəndə heyəti ilə görüşüb. Professor G.Gəraybəyli görüşün tək Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün bayram hesab edilən günlərə təsadüf etməsindən məmnun olduğunu bildirib və fürsətdən istifadə edərək bu ağır günlərdə Azərbaycana hərtərəfli dəstəyini əsirgəməyən Türkiyə dövlətinə və xalqına dərin təşəkkürünü çatdırıb.
“Əminəm ki, bütün türk dünyasının nümayəndələri bizimlə birgə son 2 ayda böyük gərginlik içində yaşayıblar. Amma nəhayət 30 ilə yaxın işğal altında olan torpaqlarımızı qaytara bildik. Biz bu tarixi günləri yaşadığımıza, gördüyümüzə görə çox xoşbəxtik. Azərbaycan xalqı bu illər ərzində həmişə torpaqlarımızın geri qayıdacağı arzusu ilə yaşayıb və buna inanıb. Çox şükür, Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti və rəşadətli Azərbaycan Ordusunun cəsarəti nəticəsində biz bu rayonlarımızı geri aldıq. Bu torpaqları geri almağımız bizim qürurumuz, gücümüzdür. Bir daha bu günlərdə yanımızda olan Türkiyə Cümhuriyyətinə təşəkkürlərimizi çatdırmaq istəyirik”.
Rektor Gəray Gəraybəli bütün sahələrdə olduğu kimi təhsil, səhiyyə və tibb təhsili sahəsində də Türkiyə tərəfindən daimi dəstək aldığımızı və bu xüsusda ATU ilə 23 Türkiyə universiteti arasında əməkdaşlıq olduğunu xatırladıb. G.Gəraybəyli bu universitetlər arasında Nişantaşı Universitetinin də xüsusi yer tutduğunu qeyd edərək gələcəkdə əlaqələrin daha da güclənməsi üçün fəaliyyətin davam etdiriləcəyini bildirib.
Görüşdə həmin rektor Gəray Gəraybəyli iki universitet arasında hansı sahələr üzrə əlaqələrin yaradıla biləcəyi haqqında məsələlərə toxunub, universitetdə olan yeniliklərdən danışıb.
Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın da bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edərək Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, son illər hər iki dövlət başçısının səyi nəticəsində əlaqələrin daha da qüvvətləndiyini bildirib: “Elə dəyərlər var ki, illərlə davam edir, nəsildən nəsilə ötürülür, o bağlılıq heç vaxt qırılmır. Azərbaycan və Türkiyə arasında münasibətlər də bu qəbildəndir. Azərbaycanın zəfər qazanması münasibətilə sizi təbrik edirik. Əminəm ki, bu hadisələr 2 dövlətin bağlılığını daha da artırdı. Biz də Nişantaşı Universiteti olaraq, Ermənistanın vandallığı, dinc əhaliyə qarşı törədilən cinayətləri, beynəlxalq hüquqa zidd olan əməlləri haqqında bütün dünyaya məlumatları yaymışıq. Gəncədə törədilən terror aktları qurbanlarının ailə üzvlərinin Nişantaşı Universitetində ödənişsiz təhsilini təmin edəcəyik”.
Görüş zamanı rektor Ş.Yalçın 21 min tələbəsi olan Nişantaşı Universitetində 112-ə yaxın fərqli diplom proqramlarının olduğunu bildirib. Universitetdə mühəndislik, memarlıq, iqtisadiyyatla yanaşı, əczaçılıq, diş həkimliyi, tibb fakültələri, fizoterapiya, qidalanma və digər proqramları mövcuddur. Bu ildən tibb bacısı ixtisası üzrə təhsilə start verilir. Rektor Ş.Yalçın Azərbaycanla, xüsusilə də ATU ilə əlaqələrin möhkəmlənməsi üçün səylərin gücləndiriləcəyini deyib.
Görüş zamanı xarici tələbə sayına görə ölkə universitetləri arasında birinci yerdə olan ATU ilə Nişantaşı Universitetinin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə qarşılıqlı layihələr, tələbə mübadilə proqramlarda iştirak, beynəlxalq standartlara uyğun tədrisin təmin olunması üçün müştərək təlimlərin təşkili və digər məsələlərlə bağlı fəaliyyətlər nəzərdə tutulub.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, ictimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Nişantaşı Universitetinin sağlıq bilimləri fakültəsinin dekanı Sibel Baykut iştirak ediblər.