1-ci kurs tələbələri üçün məlumatlandırma sessiyası keçirilib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttfaqı Komitəsi tərəfindən elan edilmiş "Sosial məlumatlandırma həftəsi" çərçivəsində universitetin 1-ci kurs tələbələri üçün onlayn formada geniş sessiya təşkil olunub.
 
 
Sessiyada universitetin 90 ildə keçdiyi yol, universitetin sosial ictimai həyatı, tələbələr üçün fəaliyyət göstərən ictimai, elmi və könüllü təşkilatlar haqqında geniş məlumat verilib.
 
 
Görüş zamanı ATU THİK-in sədri Elvin Kərimli bildirib ki, 1-ci kurs tələbələri ilə ənənəvi görüş bu dəfə pandemiya ilə əlaqədar onlayn formada təşkil olunub. Görüşlərin məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkil olunması ilə bağlı imkanları təqdim etmək, bu istiqamətdə maariflənməni gücləndirməkdir.
 
 
ATU THİK-in sədr müavini Cavid Mustafazadə vəkomitə üzrə fakültə sədrləri, klub sədrləri görülən işlər, mövcud qurumlar və gələcək planlar haqqında geniş məlumatları təqdim edib. Həmçinin, tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.
 
 
Qeyd edək ki, bir həftə ərzində hər gün müxtəlif fakültə tələbələri üçün bu tip məlumatlandırma sessiyaları keçirilib. Tədbirlərdə 400-ə yaxın 1-ci kurs tələbəsi aktiv iştirak edib. Görüşlərdə iştirak edən tələbələri qoşulmaq istədikləri təşkilatlara yönləndiriblər. Həm də bəzi xüsusi istedadlı tələbələrin bacarıqlarını inkişaf etdirməsi üçün müvafiq qeydiyyat aparılıb.
 
 
ATU THİK yeni tədris ilinə başlayan 1-ci kurs tələbələrinin hamısına uğurlar arzu edir və onları social-ictimai işlərdə aktiv olmağa çağırır.