Tibb tələbələri və gənc həkimlərin beynəlxalq veb konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib. Tibb tələbələrinin və  gənc alimlərin beynəlxalq veb konfransında Azərbaycanın tanınmış ictimai və elm xadimləri ilə yanaşı, xarici ölkələrin tibb nümayəndələri də iştyirak ediblər.

 

ATU TEC-in elmi rəhbəri, professor, əməkdar elm xadimi Amaliya Əyyubovanın giriş sözü ilə başlayan tədbirdə əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təbriklərini səsləndirib. Rektor G.Gəraybəyli 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib. “30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan tarixində yeni mərhələyə qədəm qoyduq” deyən rektor bu zəfəri xalqımıza yaşadan Azərbaycan ordusuna, Ali Baş Komandana təşəkkür edib. Həmçinin, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

 

Professor Gəray Gəraybəyli bu il 90 yaşını qeyd edən Azərbaycan Tibb Universitetinin ölkənin qocaman ali məktəblərindən biri olduğunu xatırladıb. “Azərbaycan Tibb Universiteti ölkəmizin ən böyük təhsil və elm mərkəzlərindən biri kimi tibb elminin inkişafı, intellektual potensialının inkişafına öz töhfəsini verir. Universitetin əsas vəzifəsi Azərbaycan üçün istedadlı və ixtisaslaşmış tibb kadrları yetişdirməkdir ki, bu baxımdan Tələbə Elmi Cəmiyyətinin də üzərinə böyük məsuliyyət düşür. İndiyədək TEC-in təşkilatçılığı və təşəbbüsü ilə hər il beynəlxalq konfranslar, müxəlif bilik yarışları, müsabiqələr təşkil olunub”. Rektor Gəray Gəraybəyli TEC-in təşkil etdiyi növbəti konfransın işinə uğurlar arzulayıb.

 

Konfransın qonaqları - Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru  Elbrus İsayev, Türkiyə Yeditepe Universitesinin Mama-ginekologiya kafedrasının müdiri, Professor Erkut Attar da ATU-nun 90 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik ediblər. Azərbaycanın xalq artisti Mənsum İbrahimov isə təbrik nitqindən sonra gələcəyin həkimləri üçün canlı olaraq “Qarabağ” mahnısını ifa edib.

 

Tibb tələbələrinin və gənc alimlərin beynəlxalq veb konfransına vaxtilə ATU-nu bitirmiş və hazırda xarici ölkələrin nüfuzlu klinikalarında çalışan həkimlər də qoşulublar. Vaxtilə TEC-in üzvü olan və hazırda Torontoda işləyən Leyla Bağırzadə, Türkiyədə netrocərrah kimi işləyən Orxan Məmmədxanov universitetin yubileyi münasibətilə təbriklərini çatdırıblar.  

 

ATU TEC-in sədri, tibb elmləri doktoru Müsfiq Həsənov isə cəmiyyətin yaranması, tarixi və fəaliyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. M.Həsənov TEC tərəfindən təşkil olunan tədbirlər, tələbələrin inkişafına yönəlik layihələr, onlar üçün yaradılan imkanlar barədə danışıb.

 

Sonra veb konfrans öz işini tələbələr – TEC üzvləri Qəmər Məmmədbəyli, Fidan Bəylərova və Fidan Həsənlinin moderatorluğu ilə işini davam etdirib. Tədbirdə müxtəlif mövzulara aid 14 məruzə dinlənilib. Almaniya, Türkiyə, Rusiyanın fərqli ali məktəbləri -  Tümen Tibb Akademiyası, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən, Özbəkistan Tacikistan, Qazaxıstandan olan tələbə və gənc həkimlər maraqlı məruzələrlə çıxış ediblər. Sual-cavab sessiyasından sonra isə iştirakçılara ATU TEC-in gələcək planları haqqında məlumat verilib.