Stomatologiya fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib. Fakültənin dekanı, dosent Səid Əhmədov 2020/2021-ci tədris ilində qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb. Dekan S.Əhmədov universitet rəhbərliyinin xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün bütün lazımi şərait yaradılacağını deyib.

 

İclasda kafedra müdirləri çıxış edərək qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat veriblər, təkliflərini irəli sürüblər.

 

Məlumat üçün bildirək ki, ATU-nun Stomatologiya fakültəsinin tərkibində 6 kafedra fəaliyyət göstərir: Ortopedik stomatologiya kafedrası, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası, Uşaq stomatologiyası kafedrası, Terapevtik stomatologiya kafedrası, Qulaq, burun və boğaz xəstəlikləri kafedrası və Xarici dillər kafedrası.

 

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il noyabrın 2-dən etibarən distant formada davam etdirilir.