Tibb Universitetində “20 Yanvar” şəhidləri yad edildi
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrindən 31 il keçir. Qanlı hadisənin növbəti ildönümü ərəfəsində Azərbaycan Tibb Universitetində faciə qurbanlarının xatirəsi anılıb. Öncə ATU rəhbərliyi universitetin həyətində şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar, onların xatirəsini ehtiramla yad ediblər.
 
Universitetin rektoru, professor Gəray Gəraybəyli 20 Yanvar şəhidlərinə Allahdan rəhmət diləyib. O, keçmiş SSRİ Silahlı Qüvvələrinin həyata keçirdiyi bu qanlı aksiyanı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirib.
 
Rektor qeyd edib ki, həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Rektor G. Gəraybəyli Vətən müharibəsində həlak olan şəhidlərin də xatirəsini anıb. O, torpaqlarımızı düşmən işğalından azad edərkən şəhidlik zirvəsinə yüksələn Azərbaycanın igid və qəhrəman oğullarına Allahdan rəhmət diləyib.
 
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçmiş sovet ordusu tərəfindən dinc əhaliyə kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox insan isə qanunsuz həbs edilib. Amansızcasına qətlə yetirilənlər arasında beş millətin nümayəndəsi, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, əlilliyi olan şəxslər də vardı. 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı kimi qiymətləndirilir.