Azərbaycan Tibb Universitetində vaksinasiya prosesinə başlanılıb

Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb. Klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

 

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

 

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb: “Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub”.

 

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib.

Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.