Bu il yanvarın 22-23-də Türkiyənin paytaxtı Ankarada nüfuzlu universitetlər və “Pearson” jurnalının təşkilatçılığı ilə Beynəlxalq Sosial və Humanitar Elmlər Konqresi (Uluslararası Sosyal ve Beşeri Bilimler Kongresi) təşkil olunub. Online formatda keçirilən elmi konfransda ATU-nun Tibbi və bioloji fizika kafedrasının dosenti İlqar Aslanov və assistenti Sevinc Həsənova iştirak ediblər.
Konqresdə Türkiyənin aparıcı universitetlərinin və dövlət qurumlarının (İstanbul Esenyurt Universiteti, Qazi Universiteti, Ankara Yıldırım Beyazıt Universiteti, İstanbul Okan Universiteti, Pamukkale Universiteti, Selçuk Universiteti, Qaziantep Universiteti, Milli Təhsil Nazirliyi, Xəzinədarlıq və Maliyyə Nazirliyi) aparıcı müəllim və əməkdaşları ilə yanaşı, Hindistan, Mərakeş və s. ölkələrdən tədqiqatçılar müvafiq seksiyalarda məruzələrlə çıxış ediblər.
ATU əməkdaşları bu nüfuzlu toplantıda “Ölkənin elektron iqtisadiyyata hazırlıq dərəcəsinin dəyərləndirmə əsasında müəyyənləşdirilməsi” adlı məruzə ilə çıxış ediblər. Məqalədə ölkələrin davamlı iqtisadi və sosial inkişafı informasiya texnologiyalarının yüksək səviyyəli inkişafı ilə əlaqələndirilib. Beynəlxalq statistika qurumlarının məlumatlarına əsasən, rəqəmsal iqtisadiyyat sahəsində müxtəlif dövlətlərin qarşılaşdığı problemlər vurğulanıb. Müəlliflər həmçinin rəqəmsal iqtisadiyyatın inkişafına dair Dünya İqtisadi Forumunun beynəlxalq reytinqinin göstəricilərini də təhlil ediblər. Məqalədə ölkənin elektron iqtisadiyyata hazırlığını müəyyənləşdirmək üçün metodologiyanın hazırlanması üçün meyarlar verilib.
ATU təmsilçiləri İ.Aslanovun və S. Həsənovanın təqdimatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onlar xüsusi Sertifikatlarla təltif ediliblər. Təqdim olunan məqalə konqresin mətn kitabında çap üçün tövsiyyə edilib.
Qeyd edək ki, qiymətləndirmə prosesində bütün elmi işlər ikiqat resenziya vasitəsilə nəzərdən keçirilib. Ümumilikdə konqresə daxil olmuş 90 məqalədən 71-i qəbul olunub.
Konqres məruzəçilərinin məqalələri ilə aşağıdakı link vasitəsilə Xülasə və Tam mətn kitablarında tanış olmaq mümkündür. https://pearsonjournal.com/Defaultx.Aspx?ID=32