"Abdominal cərrahi patologiyalara yanaşma qaydaları” adlı kitab hazırlanıb.
Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində (ATU)  Bariatrik metabolik cərrahiyyə fənni tədris proqramına daxil edilib. Bu baxımdan, "Abdominal cərrahi patologiyalara yanaşma qaydaları” adlı milli cərrahi protokolun rəsmi qeydiyyatdan keçməsi böyük nailiyyətdir. Klinistlər üçün nəzərdə tutulan bu metodik tövsiyədə qarın boşluğu orqanlarının (qida borusu, mədə, bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz, dalaq) metabolik-bariatrik cərrahiyyə və cərrahi reanimasiyası barədə məlumatlar verilib. 
 
Kitabın müəlliflərindən biri Laparoskopik Bariatrik-Metabolik Cərrah, ümumi cərrah  PhD, Op. Dr Tariyel Ömərovun sözlərinə görə, müasir səriştəyönlü tədris proqramına və protokollarına əsaslanaraq hazırlanan metodik tövsiyədə hər bir cərrahi xəstəlik barədə nəzəri biliklərlə yanaşı, diaqnostik yanaşmaya, diaqnostik meyarlara və müalicə yanaşmasına yer verilib. T.Ömərov 570 səhifədən ibarət kitabın hər kəs üçün əlçatan və effektiv bir vəsait  olacağını düşünür. 
 
Kitabın ərsəyə gəlməsində onun həmmüəllifləri - AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, kafedranın dosenti Babək Zeynalov,  afedranın dissertantı Xatirə Şirinova ilə yanaşı, universitetin I cərrahi xəstəliklər kafedrasının bütün əməkdaşlarının əməyi keçib. Bundan əlavə, respublikanın müxtəlif klinikalarında çalışan peşəkar cərrahlar da bu kitabla bağlı rəylərini veriblər. 
 
Klassik metodik tövsiyələrdən fərqli olaraq,  "Abdominal cərrahi patologiyalara yanaşma qaydaları”nda məlumatlar mətn, sözlü özət və qrafik özət (müayinə və müalicə sxemi) formasında verilib. Metodik tövsiyədə 200-ə yaxın cərrahi xəstəlik barəsində mətn, özət və 150-ə yaxın orijinal sxem yer alıb.  
 
Bu kitab ATU-nun 90 illik və I cərrahi xəstəlikləri kafedrasının yaranmasının 100 illik yubleyinə həsr olunub. 
Müəllimlərlə yanaşı,  digər ixtisaslar üzrə həkimlərin də istifadə edə biləcəyi metodik tövsiyəni klassik çap variantı ilə yanaşı, PDF formatda da aşağıdakı linklərdən əldə etmək olar.