ATU-nun kafedra müdirləri beynəlxalq elmi akademiyanın medalına layiq görülüblər
Azərbaycan Tibb Universitetinin iki əməkdaşı, görkəmli alimlər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçiliblər. ATU-nun Patoloji anatomiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya” Birliyinin baş direktoru, professor Ədalət Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Professor Ə.Həsənov Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.
 
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və qızıl medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor Ədalət Həsənovu təbrik edib.
 
ATU-nun Ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov da “Türk Dünyasının elminə və təhsilinə mühüm xidmətlərinə görə” bu qurumun həqiqi üzvü seçilib. Akademiyanın 23 fevral 2021-ci il tarixli qərarı ilə professor M.Kazımov bu elmi qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
 
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası mərkəzi qərargahı Ankarada fəaliyyət göstərən, Türk elmini və mədəniyyətini araşdırılması və təbliği ilə məşğul olan beynəlxalq elmi qurumdur. Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı Türk dünyası elminə və təhsilinə yüksək xidmətlər göstərmiş şəxslərə təqdim edilən mükafatdır.