Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi nəzdindəki "Kliniki psixologiya" ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantları ilə "Rezidentura və magistratura" şöbəsinin müdir müavini Əfsanə Məmmədova arasında görüş keçirilib. Online rejimdə baş tutan görüş zamanı Ə.Məmmədova magistrantların təhsili, tədrisdəki problemləri ilə maraqlanıb.
Tədrisin keyfiyyətindən razı olduqlarını qeyd edən magistrantlar tədris proqramının beynəlxalq standartlara uyğunlaşması üçün bəzi təkliflər irəli sürüblər. Belə ki, proqrama neyropsixologiya fənninin də əlavə olunması xahiş olunub. Qeyd edilib ki, gələcəkdə xarici universitetlərdə doktorantura pilləsində təhsillərini davam etdirmək istəyən magistrlərin diplomuna əlavədə bu fənnin də adının olması vacibdir.
Görüşdə həmçinin cari semestr imtahanlarının formatı və qiymətləndirilmə metodları barədə müzakirələr aparılıb.